Azərbaycanın avrokubok təmsilçilərinin ilk oyunlarının vaxtı bəlli oldu
Azərbaycanın kişi və qadınlardan ibarət həndbol komandaları məşqlərə başlayıblar.
Komanda.az xəbər verir ki, Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlarda iştirak edəcək təmsilçilərimiz avqustun 15-dən hazırlıq keçirlər.
Artıq qadınlardan ibarət komandaların oyunlarının vaxtı və keçiriləcək məkanlar müəyyənləşib.
Yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizdən “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja” komandası ilə 30 sentyabr – 1 oktyabr tarixlərində rəqib meydanında görüşəcək.
“Qarabağ” da İspaniyanın “KH-7 BM Granollers” kollektivi ilə sentyabrın 30-u və oktyabrın 1-də səfərdə qarşılaşacaq. “Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə 23-24 sentyabr tarixlərində Mingəçevir “Kür” Olimpiya İdman Mərkəzində üz-üzə gələcək.
İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq.
Kişilərdən ibarət “Azəryol” 1-ci mərhələnin “Amber” (Litva) – “Brixen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları oktyabrın 21-22-də keçiriləcək.
Bizi Facebook-da izləyin