Azərbaycan yığmasının üzvlərində koronavirus aşkarlandı
Güləş üzrə Azərbaycan milli komandalarında koronavirusa yoluxma halları qeydə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bunlar qeyd olunub: “Azərbaycan Güləş Federasiyası pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb. Məhz bu səbəbdən bir neçə ay yığma komandaların məşqlərinə ara verilib. Yalnız iyun ayından milli komandalar üçün məşq etməyə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə yalnız əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək Fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir.
Nəzərinizə çatdıraq ki, güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir.
Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur.
Cümə günü növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb.
Azərbaycan Güləş Federasiyası koronavirus pandemiyası ilə mübarizədə bütün profilaktik tədbirləri görməkdədir və bu məsələdə maksimum həssaslıq nümayiş etdirir”.
Bizi Facebook-da izləyin