“Azərbaycan yığması ilə çoxdandır oynamırıq”
Serbiya Futbol Federasiyasının vitse-prezidenti Marko Panteliç DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkünü dəyərləndirib.
Komanda.az xəbər verir ki, veteran futbolçu dünya çempionatına birbaşa vəsiqə qazanmaq istədiklərini bildirib:
“Püşkün nəticəsi bizi qani edir. Portuqaliya çoxdankı tanışımızdır. Bu komanda ilə əvvəlki seçmə tsikllərdə də qarşılaşmışıq. Sözsüz ki, bizi iki güclü və maraqlı oyun gözləyir. İrlandiya ilə də yaxşı tanışıq. Onların özlərinə məxsus üslubları var və on illərdir inkişaf etdirirlər. Avropa çempionatının seçmə mərhələsində rəqibimiz olmuş Lüksemburqu yaxşı tanıyırıq. Azərbaycan yığması ilə çoxdandır oynamırıq. Amma bu, sözsüz ki, maksimal nəticəyə nail olmaq istədiyimiz rəqiblərimizdəndir. Əlbəttə, qrupda birinci yer uğrunda mübarizə Portuqaliya və Serbiya arasında gedəcək”.
Qeyd edək ki, Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Azərbaycan yığmaları A qrupunda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin