“Necə ola bilər ki, Əliyar Ağayev Yunanıstan klublarının oyunlarına dəvət alır, ölkəmizdə isə səhvlərə yol verir, problemlərlə qarşılaşır?” – MÜSAHİBƏ

FİFA dərəcəli sabiq referi Tahir Süleymanov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Yəqin ki, ölkə futbolunu izləyirsiz. Öncə hakimliyin səviyyəsi barədə fikirlərinizi bilmək istərdik. Hazırda hakimlərin işindən razısız?

– Azərbaycan Premyer Liqasında hakimlik üçün ölkə futbolunda heç vaxt olmadığı qədər ideal şərait yaradılıb. Təzyiq yox, komandaların meydanda bir-birlərinə, hakimlərə münasibəti, davranışı, bir-iki oyun istisna, nümunəvidir, oyunların əksəriyyəti boş tribunalar önündə keçirilir. Bəzi meydançalarımız süni olsa da, yüksək liqada stadionların təbii ot örtüyü də Avropa meydanlarından geri qalmır. Çempionat təşkilati baxımdan yerindədir, asayişin qorunması, aparıcı hakimlərimizin maddi-texniki təminatı da yüksək səviyyədə təmin edilir. Belə şəraitdə hakimlər oyunları nümunəvi idarə etməyə borcludurlar. Referilərimiz nə qədər tənqid olunsalar da, Azərbaycan hakimlik məktəbi ənənələri, tarixi dünyada öncüllər sırasındadır. Aparıcı futbol nəhənglərini çıxmaq şərtilə, çox az ölkə dünya, Olimpiya oyunları, UEFA kuboku finallarında hakim idarəçilikləri ilə öyünə bilərlər. AFFA da, beynəlxalq qurumlar da hakimlərimizə istənilən dəstəyi verir. Hazırda iki FİFA referimizin birinci kateqoriyada olması təsadüf deyil, Azərbaycan hakimlik məktəbinin davam etdirilməsidir. Əliyar Ağayev beynəlxalq miqyasda öz sabitliyini qoruyur, Elçin Məsiyevin U-21-lərin Avropa final mərhələsinə dəvət alması çox müsbət məqamdır.

“Araz-Naxçıvan” – “Qarabağ” matçında baş verən qalmaqallı epizodu necə dəyərləndirərsiz? Hakimin qərarı ədalətli idi?

– Qeyd olunan görüşdə futbolçular arasında qarşıdurma epizodu ilə bağlı çox müzakirələr aparılıb, müxtəlif fikirlər səsləndirilib, mütəxəssislər, jurnalistlər, azarkeşlər böyük ölçüdə obyektiv münasibət bildiriblər. Yenidən üstündə geniş dayanılmasına ehtiyac yoxdur. AFFA İntizam Komitəsinin qərarı referi/VAR-ın kobud səhv etdiyinin əyani sübutudur. Xüsusi vurğulanmalıdır, oyun epizodu, penalti, ofsayd və bu kimi hallar baş versəydi, İntizam Komitəsi bu şəkildə müdaxilə etməyəcəkdi. Futbolçuların intizamsızlığı ilə bağlı epizod qalmaqal yaratdığı və ictimai nəzarət olduğu üçün, komitənin araşdırması və verilən qərarı müsbət qarşılanmalıdır. Burada əsas məqam, yerli futbolçulara sanksiyaların verilməsi diqqəti çəkir, onların intizamsızlığı önə çəkilir. Qalmaqalın əsas iki səbəbkarı – Santos meydanda qırmızı vərəqə ilə cəzalandırıldısa, Yassin Benzia, ümumiyyətlə, hər iki halda cəzasız qaldı. Meydanda hakimlər briqadası və VAR sistemi balansı, hər iki komandaya qarşı obyektiv tarazlığı qorumadısa, İntizam Komitəsi də legioner-yerli yanaşmasında da balansı qorumalı idi. Eyni komandanın futbolçularına münasibətdə, verilən qərarda ayrı-seçkilik hiss edilir. Sanki günahkar “Qarabağ”ın yerli futbolçularıdır ancaq. Ən doğru qərar, bir legioner, bir yerli futbolçunun sanksiyaya məruz qalması olardı. İstənilən halda, İntizam Komitəsinin qərarı təqdirəlayiqdir. Adi epzodlarda təcrübəli hakimlər belə səhvlərə yol verməməli, futbolçular da emosiyalara qapılıb öz komandalarını, futbolçu yoldaşlarını çıxılmaz vəziyyətə salmamalıdırlar.

“Neftçi”nin baş məşqçisi Samir Abasov VAR sisteminə qarşıdır. Digər baş məşqçilər də aşağ-yuxarı, demək olar ki, oyunlardan sonra keçirilən mətbuat konfranslarında hakimlərin işindən narazılıqlarını dilə gətirirlər. Siz bu barədə nə düşünürsüz?

– Dünya futbolunda VAR sisteminə münasibət birmənalı deyil, tərəfdarlar, əleyhdarlar kifayət qədərdir. İstənilən məsələyə kompleks yanaşma mütləqdir. VAR-ın müsbət-mənfi tərəfləri var. Bir çox epizodlarda VAR sistemi obyektiv olduğu halda, son qərarların doğruluğunu təmin edir. “Neftçi” – “Qarabağ” görüşündə Kevin Medinanın “qırmızı” alması, Kadi Borgesə qarşı kobudluğun penalti olaraq qiymətləndirilməsi, VAR-ın operativ və doğru müdaxiləsi, meydanda obyektivliyin qorunmasında yardımçı oldu. Təəssüf ki, bir çox oyunlarda referi səhv edir, VAR “susur”, referi-VAR arasında sinxronluq, anlaşma yüksək səviyyədə olmur. Belə halların yaşanması tək məşqçiləri, klubları deyil, azarkeşləri də narazı salır. Təbii, VAR sistemi düzgün tətbiq edilməyəndə, oyunun dinamikası, baxımlılığı pozulur, yersiz vaxt itkisinə yol açır. Digər önəmli məsələ, oyunu idarə edən baş hakimdir, VAR sistemi ancaq köməkçi funksiyanı daşıyır. Referi meydanda lider olmalı, kobud səhvlərə yol verməməli, VAR-ın müdaxiləsi minimuma endirilməlidir. Belə olmadıqda, baş hakimlərdə psixoloji və instiktiv olaraq arxayınlıq yaranır. Bir tərəfdən, referi-VAR sistemi arasında vizual “liderlik” mübarizəsi gedir, digər tərəfdən isə oyuna, bir-birlərinə biganəlik sindromu yaranır. Belə vəziyyət sonda oyunun gedişinə, nəticələrə birbaşa-dolayı öz təsirini göstərir. Texnoloji elementlərin futbolda, hakimlikdə tətbiqi günün tələbləri sırasında olsa da, bundan aşırı, yersiz istifadə olunması futbolun baxımlılığına ziyan vurur. Millimetrlərlə oyundan kənar vəziyyətlərin ölçülməsi və buna bənzər digər “yeniliklər” futbolun gözəlliyini “öldürür”. Son həftələrdə müzakirə edilən Arsen Vengerin təklifi heç də yeni deyil, keçmiş ənənələrə qayıdışdır və illərlə bu ofsayd qaydaları ilə oyunlar idarə edilib.

Kubokun yarımfinal oyunlarında hakimliklə bağlı narazılıqların olacağı indidən hiss olunur. Sizə elə gəlmir ki, bizdə də Türkyədəki təcrübədən yararlanaraq, vacib oyunlara əcnəbi hakimlər dəvət olunsa, yaxşı olar?

– Tək Türkiyə deyil, Yunanıstan kimi ölkələrdə də futbola emosional, çılğın yanaşma, yerli hakimlərə inamsızlıq, əcnəbi hakimlərin dəvətinə gətirib çıxarır. Necə ola bilər ki, Əliyar Ağayev artıq neçə ildir Yunanıstanın aparıcı klublarının oyunlarına dəvət alır, ölkəmizdə isə səhvlərə yol verir, problemlərlə qarşılaşır? Bu, hakim idarəçiliyindən daha çox, çempionatın ümumi idarəetməsində, klublara olan münasibətdə, obyektiv nəzarət mexanizminin zəif olmasında, bu sahəni bilməməkdə və digər amillərdədir. Azərbaycanda 15-20 il öncə əcnəbi hakimlər eksperimentləri aparılıb, dəfələrlə çempionat oyunlarına dəvət olunublar. Yenidən o illərə qayıdılmamalıdır. Türkiyə, Yunanıstan modeli yanlış yoldur. Əcnəbi hakimlərə müraciət yox, AFFA, PFL, Premyer Liqada idarəçilik sistemi gücləndirilməli, nüfuzlu, vəzifə səlahiyyətli klubların təzyiqi minimuma endirilməli, günahkarlar kənarda axtarılmamalı, ictimai nəzarət mexanizmi üst səviyyədə olmalıdır. Belə yanaşma olarsa, çempionatın finişində ciddi idarəçilik problemləri yaşanmaz. Azərbaycan hakimləri bu yükü qaldıracaq gücdədirlər.

Ümumiyyətlə, oyunlara hakimlərin təyin olunması ilə bağlı AFFA Hakimlər Komitəsinə nə məsləhət görərdiz?

– Yuxarıda qeyd etdikləmin hamısı Azərbaycan futbolu adına təmənnasız məsləhətlər və doğru olan yanaşmadır. Bu proses gündəlik peşəkar iş tələb edir. Böyük futbola həvəskar münasibət yolverilməzdir. Azərbaycan futbolunda eksperimentlərdən yaxa qurtarıb əməli addımlara keçmək zamanı çoxdan yetişib. AFFA Hakimlər Komitəsi, ümumilikdə, futbol idarəetməsi, De Bleker kimi Brüsselin ikili standartlarına söykənməməli, yaradılan şəraitdən Azərbaycan futbolunun inkişafı naminə düzgün istifadə edilməlidir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button