
“Rəşad Sadıqov və ya Ayxan Abbasov millini daha uğurlu nəticələrə gətirib çıxara bilər”
Bu gün AFFA İcariyyə Komitəsinin qərarı ilə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Komanda.az portuqaliyalı mütəxəssislə yolların ayrılmasından sonra “Azərbaycan millisinin yeni baş məşqçisi kim olmalıdır” sualı ilə idman mediasında çalışan bəzi həmkarlarımıza müraciət edib:
Natiq Muxtarlı (“aut.az”)
“Azərbaycan millisinin problemi baş məşqçi problemi deyil. Santuşun göndərilməsi və yığmaya başqa bir Santuşun gətirilməsi komandada heç nəyi dəyişməyəcək. Çünki Azərbaycanda nəticə verə biləcək futbolçu nəsli yoxdur, oyunçuların potensialı yoxdur. Azərbaycanlı futbolçular hətta, çempionatda belə, legionerlərlə rəqabətə davam gətirə bilmirlər və biz belə oyunçulardan nəticə gözləyirik. Bir yığmanın güclü olması üçün mütləqdir ki, həmin komandanın futbolçuları Avropanın böyük çempionatlarında oynasınlar. Azərbaycan çempionatında oynamaqla güclü komanda formalaşdırmaq olarsa, o zaman bütün ölkələr oyunçularına Azərbaycan çempionatında oynamağı tövsiyə edərdilər.
Bizim əsas problemimiz futbolçu yetişdirməkdir. Biz bu işə başlamalıyıq. İctimai rəydən başqa, reallıq Azərbaycana bahalı məşqçiləri gətirməyin mənasız olduğunu diqtə edir. Bu, absurddur. Bu, Azərbaycan xalqının pulunu əcnəbilərə vermək deməkdir. Bu ideyadan birmənalı şəkildə imtina edilməlidir, çünki heç bir nəticə verməyəcək.
Azərbaycan yığmasını yerli məşqçiyə tapşırmaq lazımdır. Lakin təbii ki, yerli məşqçi də nəticə verə bilməyəcək. Buna görə də, AFFA rəhbərliyi məsuliyyəti öz üzərinə götürməli və xalqa müraciət etməlidir. Rəhbərlik özü bu problemləri həll etməli olduğunu, bu problemlərin daha da dərinləşdiyini və futbolçu tapılmadığını etiraf etməlidir. Biz yığma komandanı yerli məşqçiyə tapşırmalı və bütün maliyyəni uşaq futbolunda infastrukturun qurulmasına, bölgələrdə, kəndlərdə, qəsəbələrdə kiçik uşaq futbol məktəblərinin qurulmasına yönəltməliyik. Bu işə bu gündən başlasaq, 12-15 ilə Azərbaycan yığmasının nəticəsi olacaq. Misal olaraq, Almaniya millisi 2006-cı ildə öz meydanında keçirilən dünya çempionatında fiyaskoya uğradı. Daha sonra Almaniya Futbol Federasiyası komandanın inkşafı ilə bağlı strategiya qəbul etdi və bu strategiya bütün klublara göndərildi. Klublar bunun üzərində işə başladılar və 2014-cü ildə Almaniya yığması dünya çempionu oldu. Almanlarda infrastruktur, kadr potensialı var idi və buna görə onlar bu işi 8 ilə gördülər. Azəbaycanda isə bunların heç biri yoxdur. Düşünürəm ki, bu prosesə indidən başlasaq, təxminən 12-15 ildən sonra ilk öncə bizim aşağı yaş üzrə yığmalarımız nəticə verməyə başlayacaq. Daha sonra həmin potensiallı futbolçularımız milliyə gəldikdə, onlardan nəticə gözləyəcəyik. Azərbaycan futbolunun problemlərinin həlli buradan keçir. AFFA rəhbərliyi bunu edəcək? Güman etmirəm, çünki rəhbərlikdə sağlam düşüncəli idarəçilər yoxdur. Böyük ehtimalla, onlar yenidən başqa bir Santuş axtarmağa başlayacaqlar və ya komandanı bir il müddətinə yerli məşqçiyə tapşıracaqlar, nəticə verməyəcəklər. Sonda xalq qəzəblənəcək, yerli məşqçini qovacaqlar və yenidən xaricdən başqa bir mütəxəssis gətirəcəklər. Bu, davam edəcək, çünki mən bu idarəçilərlə nikbin düşünmürəm, peşəkar fəaliyyət göstərəcəklərini güman etmirəm”.
Kənan Həsənov (“report.az”)
“Yığmanın problemi baş məşqçi problemi deyil. Bu, illərdir ki, söylənilir və böyük əksəriyyət bununla razıdır. Şahin Diniyevin yaxşı bir ifadəsi var: “Yığma aysberqin görünən hissəsidir, zirvəsidir”. Bunu nəzərə alaraq, alt qatda olan problemlər həll olunmalıdır. Xüsusilə də, uşaq futbolunda. Hər zaman çeynənmiş mövzu olsa da, burada olan problemlər aradan qaldırılmalıdır. Azərbaycanda illərdir ki, normal futbolçu yetişmir. Səbəb lazımı infrastruktrun, şəraitin olmamasıdır. Artıq milli səviyyəsinə yüksələn futbolçuların hansı səviyyədə yetişdiyini görə-görə gəlirik, buna görə də, bu problemləri həll etməliyik. Problemlər aradan qalxarsa, inanıram ki, orta Avropa səviyyəli futbolçular yetişəcək və milli rəqabətədavamlı komandaya çevriləcək. O zaman milliyə baş məşqçi təyinatı üzərində işləmək olar.
Fernandu Santuşun getməsi də gözlənilən idi, hətta, gətirilməməsi daha məqsədəuyğun olardı. Santuş Millətlər Liqasındakı uğursuzluqdan sonra dərhal göndərilməli və onu yerli mütəxəssis əvəz etməli idi. Düşünürəm ki, ümumən, saydığım problemlər həll olunana qədər, milli komandaya yerli mütəxəssislər rəhbərlik etməlidir”.
Kənan Məstəliyev (“rekord.az”)
”Mən düşünürəm ki, Fernandu Santuşun yerinə yerli məşqçi gəlməlidir. Azərbaycanda bu komandaya rəhbərlik edə biləcək yetərincə mütəxəssis var. Bunlar arasında Ayxan Abbasovun, Rəşad Sadıqovun adını çəkə bilərik. Təbii ki, ilk ağıla gələn Qurban Qurbanovdur. Lakin düşünürəm ki, hazırkı məqamda onun gəlməsi alınmayacaq, çünki Çempionlar Liqasında “Qarabağ”la işi çoxdur. Bu ehtimal alınmadığına görə, ya Ayxan Abbasovun, ya da Rəşad Sadıqovun komandaya gətirilməsinin doğru olduğunu düşünürəm. Çünki hazırda bizim milli komandaya xarici mütəxəssis gətirilməsinə ehtiyac yoxdur. Biz bunu dəfələrlə sınaqdan keçirmişik və görmüşük ki, Azərbaycan yığmasını bu komandanın önəmini bilən, milli ruhda olan biri çalışdırmalıdır. Düşünürəm ki, Rəşad Sadıqov və ya Ayxan Abbasov milli komandanı daha uğurlu nəticələrə gətirib çıxara bilər”.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin


