“Azərbaycan millisinə ən yaxşı namizəd Naci Şensoyu görürəm” – Müsahibə

“Turan” klubunun keçmiş baş məşqçisi Naci Şensoyun Komanda.az saytına müsahibəsi:

– Naci bəy, işləriniz necədir? Hazırda hansı komandada, hansı vəzifədə çalışırsız? 

– Keçən il Makedoniyanın “Pelister” klubunda işləyirdim və 16 il sonra komandaya ölkə kubokunu qazandırdım. Bu il isə həm Türkiyədən, həm də xaricdən bir neçə klubla danışıqlarımız oldu, amma mənim istədiyim kimi olmadığına görə, keçid alınmadı. Qısacası, hazırda evimdə istirahət edirəm. Həm də, belə bir istirahətə ehtiyacım vardı, uzun müddət ailəmdən kənarda qalmışdım.

– Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi postundan göndərildiyini bildiz yəqin. Buna münasibətiniz necədir?

– Qurbanın milli komandada işləməsini ən çox istəyən mən idim. Hətta onun məşqçilik qabiliyyətlərini görərək, Berti Foqtsdan əvvəl də məsləhət bilmişdim. Kaş ki, həmin vaxt milli komandaya təyin olunardı, inanın ki, Azərbaycan futbolu hazırda çox fərqli yerdə olardı. Amma Robert Prosineçkinin yığmadakı uğurlu məşqçiliyindən sonra Qurbanın milli komandaya gətirilməsi bir az risk oldu. Çünki onun “Qarabağ”la qazandığı möhtəşəm uğurlardan sonra milli komandaya da rəhbərlik etməsi bəzi çətinliklər yaratdı. Diqqət etsəz, görərsiz ki, dünyada artıq belə təyinatlar qalmayıb. İndi də “Bir əldə iki qarpız tutmaq olmaz” atalar sözü özünü göstərdi. Təəssüf ki, Qurban “Qarabağ”da göstərdiyi işi millidə göstərə bilmədi və bir neçə ağır məğlubiyyət yaşadı. Ən pisi isə dünya reytinqində heç də yuxarı pillələrdə olmayan Kosovo millisinə məğlubiyyət oldu. Klub məşqçisi kimi ehtiyacın olan mövqelərə legionerlər transfer edərək, problemi həll edə bilərsən, amma milli komandada bunu edə bilməzsən. Hər zaman azərbaycanlı gənc futbolçulara şans verməlisən. Bunun üçün də səbr lazımdır. Bunların nəticəsində, AFFA və Qurban danışıb, yollarını ayırdılar. Düşünmürəm ki, AFFA Qurbanı göndərdi, tam əksinə, Qurbanov Azərbaycan futboluna daha artıq zərər vermək istəmədiyi üçün rəhbərliklə birlikdə bu qərarı verdi. Qurbanı daha çox üzmək heç kimin işinə yaramaz. O, Azərbaycan futbolunun Aleks Ferqyusonudur. Onun bacardıqlarını Azərbaycanda ikinci bir məşqçinin bacarması mümkün deyil.

– AFFA Azərbaycan millisinə yeni baş məşqçi tapmaqda çətinlik çəkir. Siz kimi məsləhət görərdiz?

– Mən hazırda Azərbaycan millisinin idealist, işinə hər şeydən əvvəl sevgi və həvəslə yanaşa biləcək, günün 24 saatı ürəyi Azərbaycan futbolunun inkişafı üçün ata biləcək məşqçiyə ehtiyacı olduğunu düşünürəm. Bu, yerli də ola bilər, əcnəbi də. Mən hazırda ən yaxşı namizəd Naci Şensoyu görürəm. Bəli, ürəyimdən Azərbaycan millisinin baş məşqçisi olmaq keçir. “Turan” klubu ilə etdiklərim ortadadır, 2004-2005-ci il mövsümünü 4-cü yerdə bitirdik. Amma gəlin, düzgün danışaq, həmin vaxt mənim kimi həm çempionluğa oynayan, həm də 19 yaşlı gənc futbolçuları heç çəkinmədən oynada bilən başqa bir cəsur məşqçi vardı? 19 yaşlı Kamran Ağayevi, Ayxan Abbasovu, Aftandil Hacıyevi, Elnur Allahverdiyevi, Elvin Məmmədovu, Cavid Hüseynovu kim meydana çıxardı? Məndən sonra bu və adını saymadığım digər futbolçular Azərbaycan yığmasının dəyişməz adları oldular. İnanın mənə, Azərbaycan  futbolsevərləri və idman mətbuatı arasında bir sorğu keçirilsə, böyük ehtimalla, mənim adım ön plana çıxacaq. Sadəcə, mənə AFFA rəhbərliyinin də inanması lazımdır. Yadınızdadırsa, keçmiş AFFA prezidenti Ramiz Mirzəyev məni Azərbaycan millisinin baş məşqçisi kimi görmək istəyirdi, amma ömrü kifayət etmədi. Bunu da deyim ki, mənə belə bir təklif gəlsə, şərtsiz qəbul etməyə hazıram. Çünki hər şeydən əvvəl mən idealları olan bir məşqçiyəm və ən vacibi, Azərbaycanın dostuyam.