“Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözləyirik”
Futbol üzrə İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Azərbaycan millisinə qalib gəlməsək, nə olacağını deyə bilmərəm. Sadəcə, oyunu udmağa cəhd etməliyik. Bizim hədəfimiz budur. Futbolçuların qarşıdakı matça yanaşması, komanda ruhu əladır. Bunu qələbəyə çevirməliyik.
Bakıya oktyabrın 6-da yola düşəcəyikl. Bizi 8 saatlıq yol gözləyir. Daha sonra Azərbaycanda məşqə çıxacağıq. Ümid edirəm ki, hazırlığımız yaxşı keçəcək. Bu oyunu səbirsizliklə gözləyirik. Səfərdə baxımlı oyun göstərib arzuladığımız qələbəni qazanmaq istəyirik”.
Kenni doğma meydanda Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri görüşü də xatırlayıb: “İlk hissədəki oyunumuzu yaxşılaşdırmalıyıq. Həmin matçın əvvəlində 3 yaxşı qol epizodu yaxalasaq da, istifadə edə bilmədik. Sonradan geri çəkildik. Əslində isə hücumda oynamalı idik. Rəqib meydanın özünə aid hissəsində topu çox yaxşı saxlayırdı. Ona görə də strategiyamızı dəyişməli olduq. Amma təzyiqdən istənilən kimi çıxa bilmədik. İkinci hissədə oyunun intensivliyini artırdıqdan sonra isə rəqib müdafiəyə çəkilməyə məcbur oldu”.
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin