“Azərbaycan millisi ilə oyunlar bizim üçün müsbət nəticələndi”
Qadın futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Necla Güngör Kırağası Azərbaycan yığma komandasına qarşı Bakıda keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Azərbaycan millisinə qarşı keçirdiyimiz oyunlar bizim üçün müsbət nəticələndi. Millətlər Liqasındakı rəsmi oyunlardan əvvəl bizim üçün yaxşı hazırlıq mərhələsi oldu. Hər iki qarşılaşmada nümayiş etdirmək istədiyimiz oyun üslubunu sınaqdan keçirdik. Lakin ilk oyunda iki futbolçumuzun zədələnməsi ikinci oyuna daha təmkinli yanaşmağımıza səbəb oldu. İrəli xətdə rəqibi gərginlikdə saxlamaq, hücum bölgəsinə topu daşımaq bacarığımızı görmək baxımından nə kimi çatışmazlıqlarımızın olduğunu müəyyən edə bildik, yoxlamaq istədiyimiz oyunçulara şans vermək imkanı qazandıq. Yüksək qonaqpərvərliyə görə AFFA rəhbərliyinə təşəkkür edirik”.
Bizi Facebook-da izləyin