“Azərbaycan millisi evdə yaxşı oynayır” – Heberli
Futbol üzrə Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Azərbaycan millisinə qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, 49 yaşlı mütəxəssis iyunun 17-də “Dalğa Arena”da baş tutacaq qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
“Üzərimizdə adi təzyiq var. Qrupumuzdakı digər 3 komanda güclüdür. Buna baxmayaraq, uğurlu nəticə qazanmağa çalışacağıq. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik”.
O, istənilən matçda səbrlə çıxış etməyin vacibliyini vurğulayıb: “Səbrli olmaq vacibdir. Bəzən 70, bəzən 80 dəqiqə buna ehtiyac olur. Bəzən həlledici zərbəni 70-ci dəqiqədən sonra vurursan. Buna görə də səbrlə çıxış edəcəyik”.
Heberli Azərbaycan yığmasının Avstriyaya 1:4, Estoniya seçməsinin isə 1:2 hesabı ilə məğlub olmasına da münasibət bildirib:
“Sonda hər iki komanda məğlub olub. Hesab arasındakı fərqin elə böyük önəmi yoxdur. İsveçə qarşı görüşdə hesab fərqli olsa da, Azərbaycan yaxşı oynamışdı. Vurulan qollara yox, xallara görə çıxış edirik. Azərbaycan millisi evdə yaxşı oynayır”.
Bizi Facebook-da izləyin