Azərbaycan millilərinin Avropa çempionatı üçün heyətləri açıqlandı

Güləş üzrə Azərbaycan milli komandaları aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında çıxış edəcək.

Komanda.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, bu gün milli komandaların qitə birinciliyində iştirak edəcək heyəti açıqlanıb.

Aprelin 8-10-da mübarizəyə sərbəst güləşçilər start verəcək. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçilər Sadruddin Ayqubovla Arif Abdullayevin rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Azərşakib Seyidməhəmmədrza (125 kq) qüvvəsini sınayacaq.

Ayın 10-12-də xalça üzərinə qadın güləşçilər çıxacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun tapşırıqlarını Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (75 kq) icra edəcək.

Aprelin 12-14-də isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaq.

AÇ-də Azərbaycanı rekord sayda – 4 olimpiya kateqoriyalı hakim təmsil edəcək. Buxarestdə Hicran Şərifov, Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button