Mahir Emreli: “Bu qoldan sonra jurnalistlər azərbaycanlı Xristo Stoiçkov olduğumu söylədilər” – Müsahibə
Azərbaycan milli komandasının və “Legiya”nın hücumçusu Mahir Emreli Polşanın “Super Express” nəşrinə müsahibə verib.
Komanda.az həmin müsahibəni təqdim edir:
- “Qarabağ”dan “Legiya”ya keçməyinə səbəb nə oldu?
- “Qarabağ” və “Legiya” çempionatlarının ən yaxşı klublarıdır. Həmişə ən yüksək hədəflər uğrunda mübarizə aparan komandada olmaq istəyirəm. 6 ilimi “Qarabağ”da keçirdim, Çempionlar Liqası və Avropa Liqasında oynadım. Özümü Azərbaycandan kənarda sınamağın vaxtı gəlmişdi. “Legiya” mənimlə ciddi şəkildə maraqlanırdı. Bu, mənim üçün çox vacib idi. Burada məni istədiklərini hiss etdim.
- Daha hansı klublardan təklif var idi?
- Azad agent idim və çoxlu təkliflər var idi. Belçika, Portuqaliya, Danimarka, Serbiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Rusiyadan təkliflər var idi. “Legiya” zəngin tarixə malik olan klubdur. İnternetdə komandanın azarkeşlərini izlədim, məndə böyük təəssürat yarandı. Polşada mümkün qədər çox kubok qazanmaq istəyirəm. “Legiya”ya kömək edə bilsəm, daha da irəli gedib, yeni çağırışlar qazanacam.
- Gələcəkdə hansı çempionatda oynamağı düşünürsən?
- TOP-5 liqaların birində olmaq istəyirəm. Məsələn, Bundesliqa. Almaniya futbolunu çox sevirəm. Amma bu o demək deyil ki, artıq oradayam (gülür).
- Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynamısan. Bu matçlarla bağlı xatirələrin nələrdir?
- Dörd il əvvəl Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə qarşılaşdıq. Mənim vurduğum qolla evdə qələbə qazandıq (1:0). Cavab oyununda uduzsaq da, evdə vurduğumuz qola görə qruplara qaldıq. İlk dəfə idi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanırdıq. Bu dövr mənim üçün ən vacib zamanlardandır. Çünki klubumun tarixi uğur qazanmasında pay sahibi oldum. Qrup mərhələsində “Atletiko”ya qarşı keçirdiyimiz iki oyunu yaxşı xatırlayıram. Madridlilərə uduzmamışdıq. Bakıda qolsuz bərabərə qaldıq, Madriddə isə 1:1 hesablı heç-heçə oldu. Zədəli olduğum üçün bu oyunu buraxmışdım.
- Avrokubok oyunlarından xatirə həddiyələrin var?
- Oyunlardan sonra rəqiblərimlə formamı dəyişmirəm. Bircə dəfə bunu etmişəm. “Çelsi” ilə matçda Villianla formamı dəyişdim. Əmimoğlu bu klubun azarkeşi idi və ona hədiyyə vermək üçün Villianla formamı dəyişdim.
- Azərbaycanda iki dəfə bombardir olmusan…
- Ötən il üç dəqiqəyə 3 qol vurdum. Bu, Azərbaycan tarixinin ən sürətli het-triki idi. “Qarabağ” tarixində çempionatda ən çox qol vuran ikinci futbolçuyam. Azərbaycan milli komandası ilə Farer adaları yığmasının qapısına 30 metrdən çox məsafədən qol vurmuşam. Bu qoldan sonra jurnalistlər mənim azərbaycanlı Xristo Stoiçkov olduğumu, məşhur bolqar kimi qol vurduğumu söylədilər. Bilirəm ki, bundan əvvəl dediklərim sadəcə rəqəmlərdir, amma belə bir əfsanə ilə müqayisə olunmağımdan xoşbəxt idim. Bu səviyyəyə çatmaq üçün çox yolum var. Yalnız gələcək vacibdir.
- “Qarabağ”da hazırda “Visla”da çıxış edən Yakub Jezniçakla birlikdə oynamısan. Polşa və “Legiya” haqda sənə nələr deyib?
- Həmin vaxtları yaxşı xatırlayıram. Onunla danışdım. “Legiya”ya keçidimin yaxşı fürsət olduğunu dedi. “Legiya”nın Polşanın ən böyük klubu olduğunu söylədi. Mənə burda uğur qazana biləcəyimi və bu keçidin hər iki tərəf üçün faydalı olacağını bildirdi. Çempionatda ilk oyunumuzu “Visla”ya qarşı keçirəcəyik. Yakubla görüşmək üçün səbirsizlənirəm (gülür).
- Bu mövsüm üçün hədəflərin nədir?
- “Legiya”dayam və yalnız qələbə haqda düşünürəm. Meydana çıxırıq və ancaq qələbəni düşünürük. Eqoist deyiləm. İlk növbədə komandama kömək etmək istəyirəm. Əsas olan “Legiya”nın çempion olmasıdır. Mahirin bombardir olması vacib deyil. Əlbəttə, bunu bacarsam, mənim üçün əlavə üstünlük olacaq. Ancaq titul qazanmasaq, fərdi uğurun bir dəyəri olmayacaq. Buna görə də əsas olan “Legiya”nın uğurudur, mənim yox.
- Kumirin kimdir?
- Kumirim Zlatan İbrahimoviçdir. Ona görə futbolu çox sevirəm. İbra nəhəngdir. Bir çox hücumçuları izləyirəm, nə vaxtsa onların səviyyəsinə yaxınlaşmaq üçün hər birindən bir şey götürməyə çalışıram. Fikrimcə, Robert Levandovski və Kərim Benzema dünyanın ən yaxşı hücumçularıdır. Levandovski bənzərsiz hücumçudur. Onun cərimə meydançasında nələr etdiyini, topla necə davrandığını izləyirəm. Güclü zərbə ilə qol vurmur, amma böyük hiyləgərlik edir. Bu onun ən yaxşı xüsusiyyətidir. Mən də Levandovski kimi texniki cəhətdən zərbə vurmaq istərdim. Bundan əlavə, onun böyük motivasiyası var. O qədər qol vurmasına baxmayaraq, hələ də acdır. Mən daha çox şey istəyirəm. Hər hücumçu belə olmalıdır.
- “Legiya” ilə yoxlama oyunlarında 6 qol vurmusan. Belə başlanğıc gözləyirdin?
- Varşavada olduğum ilk gündən hər şeyin yaxşı getdiyi təəssüratı yaranıb. Sanki hər zaman burda olmuşam. Mənimlə rus dilində danışan bir təlimçi var.
- Azərbaycanda mal-qara təsərrüfatınızın və meyvə bağınızın olduğu doğrudur?
- Bəli, bu işlərə əmim nəzarət edir. Sahibi mənəm və bu, bir ailə şirkətidir. Çiyələk və müxtəlif meyvələrdən ibarət bir bağımız var. Bakıda məhsullarımızı satdığımız bir mağazamız var.
- AÇ-2020-ni kim qazanacaq?
- İtaliya yığması. Çünki turnirdə ən yaxşı oynayan onlardır. Ümid edirəm ki, çempion olarlar, buna layiqdirlər. Ən yaxşı futbolçuları Lorenso İnsinyedir. Vacib futbolçudur və hücumda komandasına çox kömək edir. Yarımfinallarda favorit olmur. Danimarkanı da unutmaq olmaz. İngilislərin üstünlüyü “Uembli”də oynamaqlarıdır.
- AÇ-2020-də səni təəccübləndirən nə oldu?
- Bir çox sürprizlər var idi. Xüsusilə, İsveçrə yığmasının çıxışı məni təəccübləndirdi. Bundan başqa, Fransa və Almaniyanın tez dayanmasına təəccübləndim. Belçika yığması oyununu bəyəndiyim komandalardan idi. Onlara azarkeşlik edirdim. Kaş yarımfinala yüksələrdilər, ancaq İtaliya daha yaxşı idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin