Polşada oynamış sabiq futbolçu: “Mahir “Legiya”ya getsə…” – Müsahibə
Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin adı Polşanın “Legiya” klubu ilə hallanır.
Polşa mətbuatı 24 yaşlı hücumçunun Varşava təmsilçisi ilə razılaşdığını və yaxın zamanda tərəflər arasında rəsmi müqavilə imzalanacağını yazır. Bəs Mahir Emrelini Polşada nə gözləyir? Transfer reallaşsa, ilk dəfə legioner həyatı yaşayacaq Mahir xarici ölkəyə uyğunlaşa, özünü yaxşı tərəfdən göstərə biləcəkmi?
Azərbaycan milli komandasının sabiq futbolçusu Saşa Yunisoğlu da 2007-2009-cu illərdə Polşa klublarında çıxış edib. Keçmiş müdafiəçi Polşa futbolu, Mahiri gözləyən çətinliklər və perspektivlər haqda Komanda.az saytının suallarını cavablandırıb:
- Mahirin adı Polşanın “Legiya” klubu ilə hallanır. Siz də 2007-2009-cu illər aralığında bu ölədə “Poloniya” və “Diskoboliya” klublarında çıxış etmisiz. Mahir Polşada yaxşı səviyyədə çıxış edə bilərmi?
- Belə baxanda, mən orda çoxdan oynamışam. Müəyyən vaxt keçib. O vaxtlar Azərbaycan klubları Polşa klubları ilə bacarmırdılar. Son vaxtlar “Qarabağ” Polşa klublarını udmağa başlayıb. Mahir Emrelinin potensialı “Legiya”da oynamağa imkan verir. Çünki “Legiya” Polşa çempionatında “Qarabağ”ın oyun tərzinə uyğun oynayan bir-iki klubdandır. “Legiya” məşhurdur, elə belə komanda deyil. Mahirə “Legiya”da möhkəmlənmək çətin olmayacaq. Çünki bu komanda da taktiki və texniki oyuna üstünlük verir.
- Polşa futboluna xas əlamətlər hansılardır?
- Polşa çempionatı asan deyil. Orda üstünlük gücə, hava toplarında mübarizəyə verilir. Müdafiəçiləri hündürboy, fiziki cəhətdən güclüdür. Bu baxımdan Mahir üçün asan olmayacaq. Ancaq Emrelinin potensialı orda özünü yaxşı tərəfdən göstərməyə imkan verir.
- Mahirin keçidi reallaşsa, ilk dəfə legioner həyatı yaşayacaq. Emreli üçün Polşada hansı çətinliklər ola bilər?
- Bildiyim qədəriylə, Mahir həm ingiliscə, həm də rus dilində bilir. Dil baxımından problemi olmaz. Polşa dili rus dilinə bənzəyir. Düşünürəm ki, bir-iki aya Polşa dilini öyrənə bilər. İngilis dilini bilməsi də bir üstünlük olacaq. Düzdür, Mahir ilk dəfə legioner həyatı yaşaya bilər. Ancaq o, uşaq da deyil, gənc də deyil. Artıq yetişmiş, peşəkar bir futbolçudur. Məncə, orda özünü rahat hiss edəcək, tez uyğunlaşacaq.
- Polşa çempionatı ilə Azərbaycan çempionatı arasında nə fərq var?
- Böyük fərq olduğunu deməzdim. Polşada legionerlərin müəyyən səviyyəsi var. Futbolçular orda oynayıb, özlərini göstərmək və daha yaxşı çempionatlara getmək istəyirlər. Bizim çempionat isə bir az yumşaqdır. Orda daha çox güc futboluna, birə-bir mübarizələrə üstünlük verirlər. Səviyyə baxımından çox üstün olduqlarını deməzdim. Azərbaycan klubları Polşa təmsilçilərindən çox fərqlənmir. Polşa Avropanın ortasındadır. Ordan Almaniyaya getmək də rahat olar. Çünki yerli çempionatın oyunlarına hər tur 5-6 menecer gəlir. Yaxşı səviyyəli legionerlər Polşanı seçər, nəinki Azərbaycanı. Çünki ordan Avropa klublarına keçmək daha rahatdır. Polşa çempionatını Azərbaycan çempionatından yalnız legioner səviyyəsinə görə fərqləndirərdim. Mahir “Legiya”ya getsə, çox yaxşı qərar vermiş olar.
- Mahir sizinlə Polşa futbolu haqda məlumat almaq üçün əlaqə saxlayıbmı? Saxlamayıbsa, ona nə məsləhətlər verərdiz?
- Mahiri çoxdan tanıyıram, onunla hər zaman əlaqədəyik. Düzdür, bu haqda məndən heç nə soruşmayıb, söhbətimiz olmayıb. Mahir son zamanlarda Azərbaycanın ən yaxşı futbolçularındandır. Mənimlə əlaqə saxlasa, məsləhət verəcəm ki, ancaq çalışsın. Bu, onun Avropaya çıxması üçün gözəl şansdır. İşləməli, sağa-sola baxmalı deyil. Bütün diqqətini oyununa verməlidir.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin