“Neftçi”nin şansı yoxdur desəm…” – Müsahibə
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin Komanda.az saytına müsahibəsi:
- Azərbaycan Premyer Liqasında yeni mövsümün startına artıq bir neçə gün qalıb. Klubların hazırlıqlarını necə dəyərləndirirsiz? Sizcə, hansı komanda daha hazırdır?
- Ümumilikdə götürsək, klublarımızın builki hazırlıqları ötən ilkilərə nisbətən fərqlidir. Çünki daha əvvəl klublarımızın hamısı aşağısı Türkiyədə hazırlıq keçirdisə, bu il təəssüflər olsun ki, cəmi bir neçə klubumuz xaricə yollandı. “Neftçi”, “Sumqayıt” və “Qarabağ” fərqli ölkələrə getdi, “Sabah” və “Səbail” isə Gürcüstanda hazırlaşdı. Klubların hazırlığında rəqiblərin gücləri, onların oyun üslublarındakı fərqliliklər önəmli yer tutur. Avrokuboklarda çıxış edən klublar çempionata daha hazır olacaqlar. Ona görə ki, oyun praktikaları çoxdur. “Neftçi” və “Qarabağ” digər klublara nisbətdə daha hazırdır. “Keşlə” və “Sumqayıt” da iki rəsmi oyun keçirdi. Bunları da qismən hazır hesab etmək olar. Ancaq sonradan komandalarda yorğunluq da hiss oluna bilər.
- “Neftçi”nin Avropa Liqasının 3-cü mərhələsində Finlandiyanın HJK komandası ilə cavab oyunundakı şanslarını necə qiymətləndirirsiz?
- İlk oyun göstərdi ki, HJK nizamlı, meydanda nə etmək istədiyini bilən komandadır. Və finlər ilk matçda nəticəyə oynadılar. “Neftçi”nin şansları var. Komanda hücumda yaxşı təsir bağışlayır, müdafiədə isə boşluqlar var. Bu boşluqları doldursalar, müdafiədə etibarlı oynasalar və yaratdıqları bir neçə qol epizodundan yaxşı istifadə edə bilsələr, mərhələ keçə bilərlər. HJK bir neçə gün əvvəl çempionatda da oyun keçirib. Meydan amili “Neftçi”yə problem yarada bilər. “Neftçi”nin şansı yoxdur desəm, yalan olar. Şans var, “Neftçi”nin hücum potensialı var. Amma müdafiədə də etibarlı olsalar, mərhələ adlaya bilərlər. HJK-nin bir neçə üstünlüyü var. Çempionatları davam edir, komanda üzvləri bir-birlərini yaxşı başa düşürlər. Meydan və azarkeş amili də onlardan yanadır. “Neftçi”yə uğurlar arzu edirəm.
- Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Qarabağ”ın Kipr AEL-i ilə cavab matçından gözləntiləriniz nədir?
- “Qarabağ”ın mərhələ adlamaq şansı çoxdur. “Qarabağ” nəticəyə oynayan komandadır və avrokubok təcrübəsi var. Komanda bir oyunçudan asılı deyil, bir neçə futbolçu ön plana çıxa bilir. “Qarabağ” belə prinsipial oyunlarda qələbə qazanmağı bacarır. Bu dəfə də mərhələ adlayacaqlarına inanıram. Xüsusilə də, ilk matçda yaşananlara görə “Qarabağ”ın qələbə qazanacağını düşünürəm.
- Kiprdə keçirilən ilk matçda yerli azarkeşlərlə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında qalmaqal yaşandı. Bu barədə fikirləriniz nədir?
- Əlbəttə, neçə illərdir belə şeylərə rast gəlirik. Kipr deyəndə Ermənistan, Ermənistan deyəndə Kipr yada düşür. Mən özüm də belə şeylərin canlı şahidi olmuşam. Azərbaycanın U-19 yığması ilə Kiprdə ermənilərə qarşı oyunda azarkeşlər meydana girmişdilər. Gənc futbolçularımıza xəsarət yetirə bilərdilər. Bu da məlumdur ki, kimin işidir. Bunu Kiprlə yox, Kiprdə yaşayan ermənilərə bağlamaq lazımdır. Kiprin və Yunanıstanın Azərbaycana münasibəti pis deyil. Sadəcə Qarabağ savaşında ermənilərin diz çökdürülməsindən sonra onların gücü ancaq söz atışmasına çata bilər. Əllərində qalan budur. O da kənardan etik olmayan sözlərdən istifadə etməkdir. Onlar bunu yaxşı bacarırlar. Bu, birmənalı olaraq Kiprdə yaşayan ermənilərin işidir. “Qarabağ” da döyüş meydanında olduğu kimi, meydanda da onlara layiqli cavab verəcək.
- Premyer Liqa klublarının transfer siyasətini necə dəyərləndirirsiz? Xüsusilə də, “Neftçi”də hücum xəttində çatışmazlıqlar müşahidə olunur.
- Əlbəttə, hazırda klublarımız maliyyə durumlarına görə böyük transferlər edə bilmirlər. Xarici futbolçular da Azərbaycana gəlməkdə maraqlı deyil. “Neftçi”ni dediz, ancaq düşünürəm ki, bu klub yüksək səviyyəli futbolçular transfer edib. “Neftçi”nin yarımmüdafiə xəttində yaxşı oyunçular var. Kim gələcək? Gələn Sabir Buqrinin, Mamadu Kanenin yerinə oynayacaq? Bu baxımdan sizinlə razı deyiləm. “Neftçi”nin nəyininsə çatışmadığı məsələləri şişirdilmiş bir şeydir. Mənə elə gəlir ki, “Neftçi”də problem yoxdur. Təkcə “Neftçi”ni götürməyək, digər klublarda da problemlər var. “Neftçi” transfer baxımından digər klublardan yaxşı vəziyyətdədir.
- Bu yay azərbaycanlı futbolçulardan ölkə xaricinə çıxanlar oldu. Mahir Emreli (“Legiya”) və Anton Krivotsyuk (“Visla”) Polşaya, Vüsal İsgəndərli (“Keçiörengücü”) Türkiyəyə üz tutdu. Sizcə, hansı futbolçunun legioner həyatı daha uğurlu alınacaq?
- Onların xaricə getməsi özləri və milli üçün faydalıdır. Hazırda nəsə demək olmur. Azərbaycanlı futbolçularda xaricdə oynamaq baxımından psixoloji problemlər var. Ya yaxşı başlayıb pis qurtarırlar, ya da uzun müddət qala bilmirlər. Hər şeyi zaman göstərəcək. Hər biri yaxşı futbolçudur və ümid edirəm ki, klublarına fayda verəcəklər. Onlara uğurlar arzu edirəm.
- Oğlanlarınız Kərim və Coşqundan növbəti mövsümdə gözləntiləriniz nədir?
- Onlara uğurlar arzu edirəm. Həqiqətən, Kərim və Coşqundan gözləntim böyükdür. Ümid edirəm ki, bu il onlar üçün düşərli olacaq.
- Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançıların çıxışları və əldə edilən nəticələr barədə fikirlərinizi də bildirərdiz.
- Açığı, gözləntilərimiz çox deyildi. Koronavirus pandemiyasına görə hazırlıq baxımından problemlər var idi. Yarışlar az idi, idmançılar tam formalarında deyildilər. Amma cüdoya diqqət böyük idi. Cüdo yığmasının toplanışları da digərlərinə nisbətən çox olmuşdu. Daha hazırlıq onlar idi. Cüdoda olan nəticələr məni məyus etdi. Çox şey gözləyirdim. Cüdoçularımızdan yaxşı nəticə gözlənilirdi, təəssüf ki, olmadı. Bu olimpiadaya az idmançı göndərmişdik. Əvvəldən problemlər bəlli idi. Amma pandemiya dövrünə görə 7 medal pis nəticə deyil. Çatışmayan “qızıl” idi. Ümumilikdə, Tokio-2020-nin Azərbaycan üçün uğursuz olduğunu deməzdim. Sadəcə qızıl medal qazana bilmədik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin