Yalançını evinə kimi qovmağa bəs edəcək faktlar – Yazı+Fotolar
Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsinin A qrupunu 1 xalla sonuncu sırada bitirib.
Canni De Byazinin rəhbərlik etdiyi kollektiv turnir çərçivəsində keçirdiyi 8 oyunun 7-də uduzub. Milli yalnız İrlandiya ilə səfər matçında heç-heçə edib – 1:1.
Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi 8 matçda cəmi 5 qol vura bilib. Portuqaliya ilə matçlarda fərqlənə bilməyən milli seçmə mərhələ matçlarında 18 qol buraxıb.
Azərbaycan millisinin seçmə mərhələdə ümumi topla oynama faizi 42-dir. Komandanın ötürmə dəqiqliyi isə 76,88 faiz olaraq qeyd olunub.
8 matçda 16 futbolçu sarı vərəqə ilə cəzalanıb, 1 futbolçu ilə “qırmızı” alıb. Yığmanın cinah oyunçusu Tellur Mütəllimov Lüksemburqla ev oyununda idmançıya yaraşmayan hərəkətə görə meydandan qovulub. Milli üzvləri 102 dəfə qayda pozuntusuna yol veriblər.
Azərbaycan milli komandası seçmə mərhələ oyunlarında ümumilikdə 64 dəfə hücum cəhdi edib. Bu cəhdlərdən 17-si qapıya dəqiq zərbə ilə tamamlanıb və 5-i qolla nəticələnib. 32 zərbə “çərçivə”dən kənara gedib, 15-inin isə qarşısı alınıb. Futbolçuları 14 dəfə ofsayda düşən Azərbaycan yığması 20 dəfə künc zərbəsi yerinə yetirib.
Azərbaycan milli komandasının seçmə mərhələdə ən yaxşı oyunçuları qapıçı Şahruddin Məhəmmədəliyev və yarımmüdafiəçi Emin Mahmudovdur. Şahruddin 8 oyunda 44 seyvlə yadda qalıb. O, seçmə mərhələnin ən çox qurtarış edən qapıçıları siyahısında ilk 5-likdə yer alır.
Yarımmüdafiəçi Emin Mahmudov isə millinin bu mərhələdəki bombardiridir. “Neftçi”də çıxış edən futbolçu yığma ilə bu seçmə mərhələdə 4 qol vurub. Həm Şahruddin, həm də Emin seçmə mərhələnin bütün matçlarında iştirak edən yeganə futbolçulardır.
Azərbaycan millisində ən çox cərimə edən isə Filip Ozobiçdir. “Qarabağ” klubunda çıxış edən xorvat yarımmüdafiəçi 13 qayda pozuntusuna yol verib. Onunla yanaşı, Anton Krivotsyuk, Əli Qurbani və Emin Mahmudov da ən çox cərimə edən futbolçulardır.
Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi seçmə mərhələnin son turunun Lüksemburqla ev oyunundan (1:3) sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
“Oyuna azarkeş və ya jurnalist kimi baxmaqla baş məşqçi kimi baxmaq tamam fərqlidir. Düzdür, nəticə çox vacibdir. Sabah oyuna təkrar baxıb analiz etsəz, inkişafı görə bilərsiz. Son oyunlarda öz meydançamızda üç qol buraxırıq. Bu, heç kim üçün xoş deyil. Amma reallıq başqa cürdür. İnkişaf nəzərə çarpır”.
Azərbaycan millisinin inkişafından danışan De Byazi 2020-ci ilin yayında Azərbaycan yığmasına baş məşqçi təyin olunub. Milli onun rəhbərliyi altında 20 oyuna çıxıb ki, bunlardan da 2-də qələbə qazanıb, 12 dəfə isə uduzub. Bu matçlarda 13 qol vuran milli, qapısında 30 top görüb.
De Byazinin hansı inkişafdan bəhs etdiyi qaranlıq qalır. Seçmə mərhələdə 8 oyuna cəmi 5 qol (!) vuran, ortalama hər oyuna 2,25 qol buraxan (ümumilikdə 18 qol) millinin necə “inkişaf etdiyi” göz önündədir.
Komanda.az
Bizi Facebook-da izləyin