Azərbaycan cüdoçularından 2019-cu ildə 159 medal

Yola salmaqda olduğumuz 2019-cu ilin cüdo nəticələrini təhlil etdikdə, rəsmi beynəlxalq yarışlarda çoxlu sayda medalların və tarixi nailiyyətlərin qazanıldığını görürük.

Komanda.az xəbər verir ki, bu müddət ərzində böyüklər, gənclər, yeniyetmələr, paralimpiyaçılar və veteranlardan ibarət milli komandalarımızın üzvləri iştirak etdikləri beynəlxalq səviyyəli yarışlarda 159 medal qazanıblar. Bunlardan 40-ı qızıl, 46-ı gümüş və 73-ü bürünc medaldır.

Azərbaycan Cüdo Federasiyası mütəmadi olaraq cüdo üzrə bütün milli komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə təşkil edir, cüdoçularımızın hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakını təmin edir, onlara öz diqqət və qayğısını əsirgəmir. Əlbəttə, bu yarışlardan ən mötəbəri Yaponiyanın Tokio şəhərində keçirilmiş dünya çempionatıdır. Azərbaycan cüdoçuları bu mötəbər yarışda yaxşı nəticə qazanaraq, bizə iki medal sevinci yaşadıblar. 73 kq çəkidə yarışan Rüstəm Orucov və Hidayət Heydərov müvafiq surətdə dünya çempionatının gümüş və bürünc medallarına sahib olublar. Rüstəm Orucov tarixi zəfərlərə imza ataraq hal-hazırda öz çəkisində Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlinə başçılıq edir.

Belarusun Minsk şəhərində keçirilmiş Avropa Oyunlarında da milli komandamız tarixi nailiyyətə imza atıb. Yığmanın aparıcı üzvü Rüstəm Orucov Avropa Oyunlarının gümüş mükafatçısı tituluna yiyələnib. Daha dörd cüdoçumuz Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kidzerska isə Oyunların bürünc medalını qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi əsas milli komandamızla yanaşı, gənc və yeniyetmə cüdoçularımızın da inkişafına böyük önəm verir. Onlar üçün yaradılan şəraitdən maksimum bəhrələnən gənclərimiz cari ildə keçirilmiş Avropa və dünya çempionatı kimi mötəbər yarışlarda uğurlu nəticələr göstəriblər. Qazaxıstanın Almatı şəhərində keçirilmiş Avropa birinciliyində yeniyetmələrdən ibarət millimiz Azərbaycan cüdosu tarixində ilk dəfə olaraq komanda yarışının finalına çıxaraq gümüş medal qazanıb. Yeniyetmə cüdoçularımız bu il həmçinin Bakı şəhərində keçirilmiş Avropa Yeniyetmələrinin Olimpiya Festivalında 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar. Gənc cüdoçularımız da Avropa və dünya birinciliyində, müxtəlif səviyyəli beynəlxalq yarışlarda çoxlu sayda medallara layiq görülüblər. Gənclərimiz dünya birinciliyində 1 gümüş, 1 bürünc, qitə yarışında isə 1 gümüş və 2 bürünc medal qazanıblar. U-23 Avropa birinciliyində də millimiz aktivinə 1 qızıl və 1 gümüş medal yazdırıb.

Bununla yanaşı, qabaqcıl məşqçilərimiz, hakimlərimiz, həkimlərimiz və digər mütəxəssislərimiz müntəzəm olaraq beynəlxalq seminarlarda və təcrübə mübadiləsi proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını artırırlar. Sevindirici haldır ki, Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü Nazim Umbayev Rusiyanın İjevsk şəhərində keçirilmiş U-23 Avropa burinciliyini idarə edən referilər sırasında yer alıb. Daha 2 hakimimiz imtahandan uğurla keçərək beynəlxalq dərəcəli hakim adına layiq görülüb. Bunlar Məmmədəli Quluzadə və Rəşad Əliyevdir. Beləliklə də beynəlxalq dərəcəli hakimlərimizin sayı 8-əğçatıb. Məşqçi Rafael Şahverdiyev isə Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə məşğələlərdə fəal iştirakına görə diplomla təltif olunub.

Paralimpiyaçı cüdoçularımız iştirak etdikləri beyməlxalq yarışlarda 32 medal qazanıblar.

Azərbaycanın veteran cüdo hərəkatı da diqqətdən kənarda qalmayıb. Usta cüdoçularımız Avropa və dünya çempionatında 14 medala layiq görülüblər.

Federasiya fəaliyyətinin prioritet istiqamətlərindən biri də bölgələrdə cüdonun inkişaf etdirilməsidir. Bu sahədə artıq bir-neçə regional cüdo mərkəzlərinin açılışı baş tutub, Federasiya tərəfindən cüdo tatamiləri və cüdoqi geyim dəstləri bu zallarda təmənnasız məşq etməyə cəlb olunan yüzlərlə yeniyetmələrin istifadəsinə əvəzsiz olaraq verilib. Bu iş qarşıdan gələn illərdə də tərəfimizdən müntəzəm olaraq davam etdiriləcək.

Həmçinin, cari ilin ötən ayı ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin 7 bölgəsində 2 yaş qrupunda yeniyetmələr arasında regional birinciliklər, o cümlədən Sumqayıt və Bakı şəhərlərinin birincilikləri keçirilib. Bölgə idmançılarının böyük axını müşahidə olunan regional birinciliklərdə yüksək təşkilatçılıq səviyyəsi və iştirakçıların rekord sayı mütəxəssislərə seleksiya işlərinin aparılması və yığma komandalara yeni namizədlərin hazırlanması üçün əlverişli şərait yaratmışdır. Belə ki, təyin olunmuş şəhərlərin əsasən Olimpiya Komplekslərində baş tutan yarışlarda respublikamızın 51 şəhər və rayonundan 2000-dən artıq yeniyetmə idmançı iştirak edib, qalib və mükafatçılar qarşıdan gələn Azərbaycan birinciliklərində iştirak etmək hüququ qazanıblar. Tovuz rayonunda həm regionlararası yarışların final mərhələsi, həm də 2-ci Federasiya kuboku turniri yüksək səviyyədə keçirilib.

İlin sonunda keçirilən kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı da möhtəşəmliyi ilə yadda qalıb. Yüksək səviyyədə təşkil edilən yarışda 332 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Cari ilin may ayında ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri artıq 4-cü ildir ki, tətbiq etdiyimiz yüksək təşkilatçılıq standartlarında keçirilib. Bu fakt iştirakçı dövlətlərin nümayəndələri tərəfindən şifahi olaraq ünvanımıza səslənən təşəkkür sözlərində, eləcə də Beynəlxal Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda öz əksini tapıb. Bu bir daha onu göstərir ki, ölkə prezidenti İlham Əliyev cənablarının idman sahəsində yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan nüfuzlu beynəlxalq idman təşkilatları tərəfindən idman ölkəsi kimi tanınır, mötəbər yarışlara ev sahibliyi etimadını qazanır.

Qarşıdan gələn ildə də Olimpiya Oyunları, Avropa çempionatı, gənclər və yeniyetmələrin Avropa və dünya birincilikləri, eləcə də dünya cüdo turu çərçivəsində “Böyük Dəbilqə” və qran-pri seriyası yarışları, “Masters” turniri, müxtəlif qitə kuboku çempionatları keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button