Azərbaycan birinciliyinə start verildi

Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə cüdo idman növünün populyar olduğunu qeyd edib. Bildirib ki, artıq regionlarda da bu idman növü geniş yayılıb. Ölkəmizdə cüdo üzrə bir sıra nüfuzlu yarışların keçirildiyini, bu turnirlərin həm təşkilatçılıq səviyyəsinə, həm də təmsilçilərimizin əldə etdiyi nailiyyətlərə görə xüsusilə təqdirəlayiq olduğunu vurğulayan nazir müavini Azərbaycan Cüdo Federasiyasının işinin Beynəlxalq Cüdo Federasiyası tərəfindən də yüksək qiymətləndirildiyini deyib. O qeyd edib ki, təmsilçilərimizin dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil etmələri sevindirici haldır.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı qeyd edib ki, Bakı İdman Sarayı artıq bir həftədir cüdo yarışlarının keçirildiyi məkana çevrilib. O, ötən həftənin sonu yeniyetmə cüdoçular arasında Həzi Aslanovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq cüdo turnirinin, ondan bir gün sonra usta cüdoçular arasında Azərbaycan çempionatının keçirildiyini vurğulayıb.

Sonra dövlət himnimiz səsləndirilib.

Açılış mərasimindən sonra final yarışlarına start verilib. Müxtəlif çəki dərəcələrində Gülşən Bağırova (-44 kq), Mirağa Hacıyev (-55 kq), Gültac Məmmədəliyeva (-52 kq), Davud Abbaslı (-66 kq), Diana Şoranova (-63 kq), Vüsal Şamilov (-81 kq), Aliyə Müslümova (-78 kq) və Abdulla İsmayılov (-100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.

Azərbaycan birinciliyinə fevralın 28-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button