Azərbaycan badmintonçuları AÇ-nin təsnifat mərhələsində mübarizə aparacaqlar

Dekabrın 7-9-da Abşeron Olimpiya İdman Kompleksində qadın komandalar arasında badminton üzrə 2024-cü ildə baş tutacaq Avropa çempionatının təsnifat mərhələsinin görüşləri keçiriləcək.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin qrupda rəqibləri Estoniya, Şotlandiya və Slovakiyadır.

Yığmamızın heyətində Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Aysu Kərimzadə, Era Maftuha və Həcər Nuriyeva yer alıb. Komanda qrupda ilk oyununu Şotlandiya millisinə qarşı keçirəcək. Qrup qalibi birbaşa final mərhələsinə vəsiqə qazanacaq.

Badminton üzrə kişilərdən ibarət millimiz isə Norveç və İrlandiya ilə yarımqrupda mübarizə aparacaq. Oyunlar dekabrın 7-10-da gerçəkləşəcək. Komandamızın heyətində Edi Reski Dviçayo, Muhammad Kadafi, Aqil Qəbilov, Diki Pangestu və Rəvan Niftəliyev yer alıb.

Yığma yarımqrupda birinci olacağı təqdirdə, Çexiya, Avstriya və Portuqaliyanın yer aldığı yarımqrupun qalibi ilə qarşılaşacaq. Qarşılaşmanın qalibi 2024-cü ilin 14-18 fevralında Polşanın Lodz şəhərində keçiriləcək kişi və qadın komandalar arasında keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaq.

Təsnifat mərhələsində keçiriləcək oyunlar 2024-cü ildə Parisdə baş tutacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button