Azər Bağırov: “Yerli futbolçu çatışmazlığımız var”
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 13-cü turunda öz meydanında “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.
Komanda.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:
– Rəqibi təbrik edirəm. Yaxşı, vacib qələbə qazandılar. Biz də ümumi götürəndə “Qarabağ”la matçdan sonra istədiyimiz oyunu tapa bilmirik. Epizodlarla nəsə edirik. Ancaq bu, istədiyim “Araz-Naxçıvan” deyil hələ.
– Rəqibin düşərgəsində xaotik vəziyyət var idi. Belə rəqibə qarşı oynamaq çətin idi? Komandanızda arxayınlıq var idi?
– Əksinə, biz dünən oyunun analizində onlara deyirdik ki, “Kəpəz” hücumda çox yaxşıdır, kəsərli hücumları var. Necə sığortalanmaq barədə danışmışdıq. Sadəcə, bizim səhvimiz başqa yerdə idi. Hücuma keçid fazasında böyük problemlərimiz var. Amma ümumilikdə biz elə komandayıq ki, qol vurmayanda daha çətin olur. Qol vurmaq lazımdır. Epizodlar var, sadəcə istədiyimizi edə bilmirik.
– Miça Kuzmanoviçin son oyunlarda enişi nə ilə əlaqədardı?
– Razıyam, düşüş var. Fərdi söhbətdə ona demişəm. Beş tur yaxşı oynadı, daha sonra demək olar ki, çox eniş var. İstəyir ki, nəsə etsin. Sadəcə rəqiblərin onu yaxşı analiz etməsinə görə, kreativliyi artırmalıdır. Nuno Rodriqes daha yaxşı görünür. İlk turlarda daha zəif təsir bağışlayırdı. Bəlkə də rotasiyalar etməliyik.
– Komanda mövsümün əvvəlində hazırlıq keçməmişdi. Demək olar ki, onun əziyyətini çəkməyə başlamısız?
– Deməzdim. Futbolda belə hallar olur. “Qarabağ”a qarşı yaxşı oynadıq, sonra “Sumqayıt”a məğliubiyyət. Bu gün qol epizodlarımız var, sadəcə reallaşdıra bilmirik. Biz elə komandayıq ki, epizodları vurmalıyıq. Vurmayanda problemlərimiz olur. O da bu gün görünür.
– Elvis Maşikenin ehtiyatdan meydana çıxması nə ilə bağlıdır?
– Əlimdə hücumçu olsa, yerli oynadaram. Yerli futbolçu çatışmazlığımız var.
– Futbolçular “Qarabağ” üzərində qələbənin ab-havasında qalıblar?
– Elə bir şey yoxdur. Futbolçularla təmasdayıq. “Qarabağ”la matç haqda bir kəlmə də danışmırıq. Önümüzə baxırıq. Bir epizodu vurmayıb başını tutmaq mənim üçün acizlikdir. İrəliyə baxmaq lazımdır.
Bizi Facebook-da izləyin