Ayxan Abbasovdan çağırış: “Bizə güvənin”

“Hər kəsi səbrli olmağa, bizə güvənməyə və dəstəkləməyə çağırıram”.

Komanda.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

41 yaşlı mütəxəssis Gürcüstandakı təlim-məşq toplanışının onlar üçün vacib olduğunu bildirib:

“Yeni formalaşan komandayıq. Gürcüstan komandaları ilə oyunlar futbolçuların bir-birinə uyğunlaşması və səhvləri görmək baxımından çox önəmli idi. Yüksək tempdə hazırlaşdıq. Kiçik zədələrimiz də oldu, xüsusən Şakir Seyidovun zədələnməsi işlərimizə bir qədər maneçilik törətdi. Bütün heyət ideal formaya yaxınlaşmaq üçün istəklə çalışdı və bütün futbolçuları sınaqdan keçirmək imkanımız oldu”.

Abbasovun sözlərinə görə, heyətdə olan gənc futbolçular da güclü rəqiblərə qarşı özlərini müsbət tərəfdən göstəriblər:

“Belə toplanışlarda nəticə önəmli deyil. Çempionat oyunları hamı üçün çox çətin keçəcək. Oturuşmuş heyətə malik rəqiblərlə oynayacağıq. Lakin ümid edirəm ki, layiqli mübarizə aparmağa gücümüz çatacaq. Bu gün Tbilisi toplanışını başa vurub Vətənə qayıdırıq. 2 gün istirahətdən sonra Tovuzda yenidən bir araya gəlib “Qəbələ” ilə oyunun hazırlıqlarına başlayacağıq. Komanda 9 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb. Qısa müddətdə bəzi problemlər olub. Təlim-məşq toplanışının tez bir zamanda təşkil olunmasında klub rəhbərliyinə, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova təşəkkürümü bildirirəm. Səbirsizliklə azarkeşlərimizin qarşısında keçirəcəyimiz ev oyunlarını gözləyirik”.

Gürcüstandakı hazırlıq prosesində “Merani” və “Qaqra”nı məğlub edən “Turan Tovuz” Tbilisi “Dinamo”suna uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button