Ayxan Abbasov: “Yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır”

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı zamanı Şimali Makedoniya yığması (0:0) ilə keçirilən yoxlama görüşündən sonra AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, mütəxəssis hər bir futbolçuya şans vermək istədiyini söyləyib:

“Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır. Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik. Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə yoxlama matçlarında xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik”.

U-21 toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə heç-heçə edib (0:0).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button