Ayxan Abbasov: “Sponsor tərəfindən qarşıya məqsəd qoyulmayıb”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu (2:0) şərh edib.

Komanda.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Önəmli oyun idi. Derbi baş tutdu. Klubumuz həm də aksiya keçirirdi. Atmosfer üçün azarkeşlərə minnətdaram. Çətin oyun idi. Səbr etmək lazım idi. 90 dəqiqə oyun nəzarətimizdə oldu. Üç xal bizə vacib idi. Mövsüm ərzində əsas məqsəd inkişaf etməkdir. Futbolçularıma minnətdaram.

Sponsorluq müqaviləsi önəmli addımdır. Sevinirəm, çünki klub üçün böyük addım ola bilər. İndiyə qədər çox çətinliklər çəkmişik. İcra hakimiyyəti bizə çox kömək oldu. Onlara təşəkkür edirəm. Ehtiram Quliyev futbolumuzun gələcəyini fikirləşir. Məncə, “Turan Tovuz” bundan qazanacaq. Sponsor tərəfindən qarşıya məqsəd qoyulmayıb. Məni səhv anlamayın, gələcək üçün planlar var. İlk məqsəd klub olaraq böyümək, inkişaf etməkdir. Ehtiram müəllim Premyer Liqanın durumunu bilir.

Bir çox oyunlarda biz aqressiv olmuşuq. Evdə keçirdiyimiz matçlarda bu özünü daha çox göstərib. Rəqibdən rəqibə də fərq var. Oyunçularım çox motivasiyalı idi, qələbə qazanmaq istəyirdilər. Futbolçularım çox çalışdılar ki, qələbə qazansınlar. İstədiyim futboçular meydanda olanda nəticə qazanmaq olur. İlk turlarda qazandığımız xallar olmasaydı, bizim üçün daha çətin ola bilərdi. Qol buraxsaydıq, son dəqiqələr gərgin keçə bilərdi. Ona görə, dəyişiklik riskinə getmədim. İstəyirəm ki, futbolçuların bəziləri 90 dəqiqə meydanda qalsınlar və tempə öyrəşsinlər”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button