
Ayxan Abbasov: “Sponsor olsa, avrokuboklara oynayacaq “Şamaxı” formalaşdırmaq olar”
“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 31-ci turunda “Kəpəz”i qəbul edib.
Komanda.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov oyunun maraqlı başladığını bildirib:
“Oyun stresli, maraqlı başladı. Evdə oynayırdıq. Qələbə qazanmaq istəyirdik. Azarkeşlərimiz də sağ olsun, yaxşı dəstək oldular. Həqiqətən, möhtəşəm atmosfer var idi. Futbolçularımı təbrik edirəm. Çətin oyun keçdi. Belə qələbələr çox vacibdir. Növbəti mövsüm üçün belə oyunlar önəmlidir. Gələcək oyunlarımıza baxacağıq.
“Turan Tovuz”un hazırda yaxşı motivasiyası var. Komanda ilk dördlükdə qalmaq və üçüncü pilləyə qalxmaq istəyir. Eyni zamanda, bizim də şanslarımız var. Daha yuxarı pillələrdə qərarlaşa bilərik. Digər komandalarla xal fərqimiz elə də çox deyil. Çətin səfər olacaq. Ordakı oyunumuzda son dəqiqədə qol buraxıb məğlub olmuşduq. Bu dəqiqə bizim üçün hər oyun çətindir, xüsusilə də, “Turan Tovuz”la. İnanıram futbolçularıma.
Komandadakı futbolçuların da bəzi təklifləri, həmçinin bizim də müəyyən fikirlərimiz var. Büdcəmiz bəllidir. Ən aşağı büdcə ilə Premyer Liqada çıxış edirik. Baxacağıq. Müəyyən planlarımız var. Oyunçularla danışıqlarımız olur. Gözləyək, növbəti mövsüm üçün büdcəmiz müəyyənləşsin.
Komandanın sponsoru olsa, onun fikri ilə Ayxan Abbasovun fikri eyni olsa, avrokuboklara oynayacaq “Şamaxı” formalaşdırmaq olar”.
“Şamaxı” növbəti turda səfərdə “Turan Tovuz”la qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



