
Ayxan Abbasov: “Bu gün qazanılan xal futbolumuza ruh yüksəkliyi gətirəcək”
Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Ukrayna yığmasını qəbul edib.
Komanda.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyundan sonra Azərbaycan millisinin baş məşqçi postunu müvəqqəti icra edən Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov bu gün qazanılan xalın ölkə futboluna ruh yüksəkliyi bəxş edəcəyini deyib:
“Futbolçularıma təşəkkür etmək istəyirəm. Bir gün vaxtımız var idi. Belə olan halda da ancaq psixoloji hazırlaşmalıydıq. Bu gün hesab necə olursa olsun, onlara təşəkkür edəcəkdim. Bu gün bu istək, qazanılan xal futbolumuza ruh yüksəkliyi gətirəcək. Rəqib də çox gücü idi. Çətin səfərdən gəlmişdilər, qələbə qazanmaq istəyirdilər. Bizim futbolçular da uzaq səfərdən gəlmişdilər, böyükhesablı məğlubiyyət, psixoloji durumları yerində deyildi. Təbii ki, bir gündə çox şeyi dəyişmək olmur. Yalnız birlik, bərabərlik və hər kəsin istəyi… Bunu dəyişə bildik. Artıq bu nəticənin komandaya ruh yüksəkliyi gətirəcəyini düşünürəm.
U-21-ə görə sevinirəm, düzdür, Portuqaliyada böyükhesablı məğlub olduq. Amma inanın ki, çox yaxşı futbol nümayiş etdirdilər. İnkişaf etdiklərini görürəm. Hazırda mən U-21-in baş məşqçisiyəm. Bizi qarşıda çətin rəqiblər gözləyir. Fransa millisi ilə keçiriləcək oyun haqda danışmağım düzgün olmaz. Hələ bilinmir qərarlar nə olacaq. Amma ümumən, mübarizə aparmaq lazımdır.
Mahir Əmrəli və Renat Dadaşov taktiki baxımdan pis oynamadılar. İslandiya ilə oyuna baxmadım, epizodları izlədim. Biz səfərdə idik. Bolqarıstanla oyuna hazırlaşırdıq. Bu qərar ani baş verdi. Əlbəttə, mən “Dalğa Arena”ya daxil olanda futbolçuları məyus gördüm. Təcrübəli oyunçularla görüşümüz oldu, müzakirələr apardıq. Hazırlığımız bu yöndə oldu.
Düşünürəm ki, oyunun dəyişmə anı Toral Bayramovun meydana daxil olması oldu. Oyuna çox yaxşı qoşuldu. Oyundan əvvəl də düşünürdük ki, Toral başlasın, yoxsa, Rüstəm Əhmədzadə. Sonda Rüstəmlə başlamağa qərar verdik”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin


