Ayxan Abbasov: “Bilirik ki, Ukrayna millisi bu oyuna final kimi yanaşır”

Azərbaycan millisi sabah DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Polşanın Krakov şəhərində Ukrayna yığması ilə qarşılaşacaq.

Komanda.az-ın Krakova ezam olunmuş əməkdaşı xəbər verir ki, oyundan bir gün əvvəl Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov onları gərgin oyun gözlədiyini bildirib:

“Sabah bizi yenə gərgin oyun gözləyir. Fransa millisindən sonra Ukrayna ilə – səfərdə iki oyun çətindir. Bu oyunlar arasındakı pauzanı nəzərə alsaq, oyunçularda yorğunluq hiss olunur. Rəqib də, bilirik ki, bu oyuna final kimi yanaşır. Səfərdə İslandiya üzərində qələbə onların da şanslarını artırıb.

Biz gələcəyə ümidlə baxmaq istəyiriksə, bu oyunlarda yaxşı mübarizə aparmalıyıq. Ona görə də, bunları futbolçularıma da çatdırmışam.

Necə ki, Ukrayna Fransaya qarşı mübarizə aparırdı, rəqib ondan üstün idi, Ukrayna müdafiədən oynayırdı, bizim də onlarla vəziyyətimiz eynidir. Əsas odur ki, fikrimiz var, futbolçulara da çatdırmışam. Onu həyata keçirməyə çalışacağıq.

Ukrayna komandasında güclü futbolçular var. Heyətində keyfiyyətli oyunçular çıxış edir. Bunu son oyunda da gördük. Güclü hücumçuları, müdafiəçiləri var. Avropada çıxış edən oyunçuları var. Bunları da oyunçularımıza göstərmişik, fikirlərimizi çatdırmışıq. Məncə, yaxşı komandaları var.

Bəli, 23-lükdən kənarda qalan futbolçularımız bəllidir. Təssüf ki, İsmayıl və Ceyhun oyunda iştirak edə bilməyəcək. Renat Dadaşovun da zədəsi var.

Əlbəttə, biz hər oyunda çalışırıq ki, futbolçularımızda qələbə ruhu olsun. Ən çətin oyunda belə, “biz qələbə qazanmaq istəmirik” demirik. Bu gün futbolda istənilən nəticə mümkündür. Sevinirəm ki, futbolçularım bunu anlayır və belə davam etsək, inanıram ki, nəticə olacaq.

Ukrayna millisinə qarşı Bakıda ilk oyunumuz idi, rəqibi tam təhlil etməmişdik. Meydança o qədər də keyfiyyətsiz deyildi. Məncə, Bakıdakı matçda bir xalı haqq edirdik. Oyunçular yaxşı mübarizə apardı. Futbolda belə hallar olur.

Məşq etmişik, ciddi problem olmayıb. Nələrəsə gecikmişik, amma bu bizim məşq planımıza təsir etməyib. Heç bir problem yoxdur, hər şey qaydasındadır.

Futbolçularıma bir kəlmə dedim, dedim ki, İslandiya ilə oyunu çox vacib edə bilərik. İstəyərdim ki, evdə İslandiya yığmasına qarşı oyun çox vacib olsun”.

Azərbaycan millisi hazırda 1 xalla D qrupunda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button