Aylton Silva “Qarabağ”da nə vaxt debüt edəcək? – Rəsmi açıqlama
“Qarabağ”ın yeni transferi Aylton Silvanın avrokuboklardakı cəza müddəti başa çatıb.
Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Klubun “Facebook”dakı rəsmi səhifəsində yayılan məlumatda bildirilir ki, 24 yaşlı sol cinah müdafiəçisi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Partizani”ylə cavab matçında meydana çıxa bilər.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov braziliyalı futbolçuya şans versə, Aylton debütünü Albaniya çempionu ilə cavab matçında reallaşdıracaq.
Xatırladaq ki, Silva 2015/16 mövsümündə “Neftçi”də çıxış edərkən Monteneqro “Mladost”uyla səfər matçında qırmızı vərəqə aldığı üçün UEFA tərəfindən 3 oyunluq cəzaya məruz qalmışdı.
“Qarabağ” “Partizani”ylə səfər oyunundan heç-heçə ilə ayrılıb – 0:0. Bu kollektivlər arasındakı cavab matçı iyulun 17-də Bakıda baş tutacaq.
Bizi Facebook-da izləyin