Aylıq 1.8 dollara oynamağa razıdır – Ulduz futbolçu
Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Robinyo yetirməsi olduğu “Santos”a qayıtmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, son mövsümü Türkiyə çempionu “Başakşəhər”də keçirmiş 36 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır.
O, xeyli müddətdir “Santos”da oynamaq istədiyini söyləsə də, klub onu heyətinə qatmağa risk etmir. Rəhbərlik maliyyə çətinliklərinin olduğunu və Robinyoya maaş vermək imkanlarının olmadığını bəyan edib.
Braziliyalı futbolçu bu açıqlamadan sonra böyük fədakarlıq etməyə hazır olduğunu bildirib. Yerli idman jurnalisti Ademir Kintinonun paylaşdığı xəbərə görə, Robinyo aylıq 10 Braziliya realı (1.8 dollar) qarşılığında sabiq klubunun uğurları üçün çalışmağa hazırdır. Hazırda klubla futbolçu arasında danışıqların davam etdiyi iddia olunur.
Qeyd edək ki, Robinyo peşəkar karyerasına 2002-ci ildə məhz yetirməsi olduğu “Santos”da başlayıb. O, bu komandada keçirdiyi 108 oyuna 47 qolla yadda qaldıqdan sonra 2005-ci ildə Madrid “Real”ına transfer edilib. 2008-ci ildə “Mançester Siti”yə transfer olunan futbolçu 2010-cu ildə icarə əsasında “Santos”a qayıtsa da, elə həmin il “Milan”ın sıralarına qoşulub. “Santos” hücumçunu 2014/15 mövsümündə də “Milan”dan icarəyə götürüb.
Bizi Facebook-da izləyin