Aylardır maaş almırlar – AFFA-dan maliyyələşən 2 klubda
Birbaşa AFFA-dan maliyyələşən iki klubda – “Şamaxı” və “Səbail”də ciddi maliyyə problemləri var.
Komanda.az-ın əldə etdiyi məlumata görə, hər iki klubda maaşlar aylardır yubanır. Bu vəziyyətin nə vaxtadək davam edəcəyi isə məlum deyil.
“Səbail”in bir müddət əvvəl baş məşqçi Aftandil Hacıyevlə müqaviləyə xitam verməsinin kökündə də maliyyə problemləri dayanır. Klub rəhbərliyi Hacıyevə normal transferlər üçün büdcə söz verməyib. Bundan sonra “Səbail” rəhbərliyi kiçik büdcə və iddiasız komanda təklifini qəbul edən Mahmud Qurbanovu “sükan arxasına” gətirib.
Ötən mövsüm “Şamaxı”nı (onda “Keşlə” adlanırdı) birtəhər Avropa Konfrans Liqasına göndərməyi bacaran AFFA rəhbərliyi klubun büdcəsinin əhəmiyyətli hissəsini UEFA-dan gələn pullarla formalaşdıra bilmişdi. Bu il isə avrokuboklara nə “Şamaxı”, nə də “Səbail” vəsiqə qazanıb. Üstəlik, Premyer Liqaya gətirilən daha iki komanda – “Kəpəz” və “Turan Tovuz” da gözünü AFFA-nın ayıracağı pula dikib. “Sumqayıt”ı, “Qəbələ”ni də siyahıya əlavə etsək, qarşıdakı mövsümdə AFFA-dan birbaşa maliyyələşən klubların hələ çox maddi problem yaşayacağını indidən proqnozlaşdırmaq olar.
İndi isə hələlik aylardır maaş ala bilməyən “Şamaxı” və “Səbail” futbolçularıdır. Onlara qoşulacaq ilk komanda hansı olacaq, bunu qarşıdakı aylar göstərəcək.
“Şamaxı” və “Səbail” son mövsümdə Azərbaycan Premyer Liqasını sonuncu pillələrdə başa vurub – “Şamaxı” 7-ci, “Səbail” 8-ci sırada.
Bizi Telegramda izləyin
Komanda.az
Bizi Facebook-da izləyin