Aykut Kocaman getdi, Əmrə Belözoğlu yeni baş məşqçi təyin olundu
Türkiyənin “Başakşəhər” klubu baş məşqçisi Aykut Kocamanla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. İstanbul təmsilçisinin Super Liqanın 8-ci turunda “Fatih Karagümrük”ə 1:3 hesablı məğlubiyyətindən sonra Karaman istefa ərizəsini rəhbərliyə təqdim edib. Klub rəhbərliyi onun istefasını qəbul edib.
Aykut Kocaman bu ilin fevralında Okan Burukun istefasından sonra baş məşqçi təyin olunmuşdu. Həmin vaxt 2.5 illik müqaviləyə imza atan 56 yaşlı mütəxəssis, postunda cəmi 8 ay qaldı. Komanda cari mövsümdə onun rəhbərliyi altında meydana çıxdığı 8 matçda 6 məğlubiyyətə üzülüb. 2 qələbəsi olan komanda cəmi 6 xalla 15-ci pillədə qərarlaşıb.
“Başakşəhər” yeni baş məşqçisini də müəyyənləşdirib. Komandanı bundan sonra Əmrə Belözoğlu çalışdıracaq. İstanbul klubu yeni baş məşqçinin təqdimat mərasiminin oktyabrın 4-də təşkil olunacağını açıqlayıb.
Xatırladaq ki, Əmrə futbolçu karyerası dönəmində 2015-ci ildən 2019-cu ilə qədər “Başakşəhər”in uğurları üçün çalışıb.
Bizi Facebook-da izləyin