
“Ayaz Quliyevin Azərbaycan millisinə dəvət alması ilə bağlı hansısa hüquqi əngəl qalmayıb” – AFFA rəsmisi
“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev idman vətəndaşlığını dəyişib.
Bu barədə Rusiyanın “Matç TV” kanalı məlumat yayıb.
28 yaşlı futbolçunun Azərbaycanda idman vətəndaşlığı aldığı və ölkəmizin milli komandasında oynamaq hüququ qazandığı bildirilib.
Bununla bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq.
Xəbərin doğruluğunu təsdiqləyən AFFA rəsmisi Komanda.az-a açıqlamasında, Ayaz Quliyevin Azərbaycan millisinə dəvət alması ilə bağlı hansısa hüquqi əngəlin qalmadığını bildirdi:
“Ayaz Quliyevin Azərbaycan millisinə dəvət alması ilə bağlı hansısa hüquqi əngəl qalmayıb. Sadəcə, milli komandaya futbolçuları baş məşqçi Fernandu Santuş dəvət edir. Onun Haiti və Belarus yığmaları ilə qarşıdakı oyunlara kimləri çağıracağını yaxın günlərdə biləcəyik”.
Quliyev Moskva “Spartak”ının yetirməsidir və U-19 səviyyəsində Rusiya yığmasının heyətində Avropa çempionu olub. O, həmçinin Rusiya U-21 millisinin də oyunçusu olub. Quliyevə AFFA tərəfindən bir neçə dəfə Azərbaycanın əsas millisində oynamaq təklif olunsa da, o, bunu qəbul etməyib.
Ayaz Quliyev 2023-cü ilin yayından “Sabah”da oynayır.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



