Axı niyə Axundov yox, Heydərov?

Azərbaycan Premyer Liqasında 24-cü tura aprelin 13-də start veriləcək. Turun oyunları iki gün ərzində keçiriləcək.

6-cı pillə uğrunda “döyüş”

Meydana əvvəlcə son pilləyə düşməmək uğrunda mübarizə aparan “Sumqayıt”la “Zirə” çıxacaq. “Kimyaçılar” son turda nəhayət, 2019-cu ildə ilk qələbələrini qazanaraq, “zirzəmi”dən çıxa bildilər. Əvəzində məğlub etdikləri “Keşlə” “quyu”nun dibinə düşdü. “Zirə” isə son turda zirvədə yer alan “Neftçi”ylə ağır keçən görüşü məğlubiyyətlə başa vurub (2:4). Bu qarşılaşmanı 6-cı pillə uğrunda “döyüş” də adlandırmaq olar. “Zirə” qələbə qazanacağı halda, hazırda qərarlaşdığı 6-cı pillədəki yerini möhkəmlədəcək. Əksi baş versə, o zaman “kimyaçılar” 6-cı pilləyə yüksələ bilərlər.
Yeri gəlmişkən, bu komandalar ölkə kubokunun yarımfinalında da rəqibdirlər. Nə qədər gülməli səslənsə də, Premyer Liqada autsayderlik yarlığından qurtulmaq üçün mübarizə aparan bu iki komandadan biri yayda Azərbaycanı Avropa Liqasında təmsil edə bilər.

Statistika nə deyir?
“Zirə” son 4 ev oyununda qol vurub. Paytaxt klubunun meydanındakı son üç matçda hər iki komanda rəqib qapısına yol tapıb.
Zirə – Sumqayıt: 15 oyun, 8 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət, top fərqi 19-12

Daş qayaya rast gəlib

“Neftçi”ylə şərikli lider olan “Qarabağ”ı bu turda debütant “Sabah”la qarşılaşma gözləyir. Son tur hər iki komanda üçün uğurlu keçib – “köhlən atlar” səfərdə “Qəbələ”dən üstün olub, “Sabah” isə “Səbail”i məğlub edib. Qurban Qurbanovun komandasına təkcə bu oyunda yox, mövsümün qalan bütün görüşlərində qələbə hava-su kimi lazımdır. “Sabah” isə ilk mövsümünü keçirdiyi Premyer Liqada demək olar ki, arzuladığı kimi çıxış edir. Elşad Əhmədovun komandası turnir cədvəlinin orta sıralarında qərarlaşıb və “Zirə”, “Keşlə”, “Sumqayıt” kimi klubları qabaqlayır.

“Qarabağ”ı bu oyunla bağlı bir amil narahat edə bilər: “Sabah” son iki matçda Ağdam təmsilçisinə məğlub olmayıb, hər iki görüş 1:1 hesablı heç-heçəylə başa çatıb. Necə deyərlər, daş qayaya rast gəlib. Amma üçüncü dəfə xal itkisi “köhlən atlar”a çempionluq yolunda ağır zərbə ola bilər.

Statistika nə deyir?
Bütün oyunlarda eyni sayda – iki qol qeydə alınıb. Son iki matç heç-heçə nəticələnib.
Qarabağ – Sabah: 3 oyun, 1 qələbə, 2 heç-heçə, 0 məğlubiyyət, top fərqi 4-2

Uğursuzluqdan bezən Əhmədov, başsız qalan “Qəbələ”

İki gün əvvəl Tale Heydərov “Qəbələ”nin prezidenti postundan istefa verdiyini açıqladı. Azərbaycan Premyer Liqasında yeganə rayon komandası olan “qırmızı-qaralar”ın taleyi hələ ki, sual altındadır. Kluba kimin rəhbərlik edəcəyi, büdcənin azaldılıb-azaldılmayacağı, komandanın bundan sonrakı hədəflərinin nə olacağı bilinmir. Bilinən tək bir şey var ki, “Qəbələ” başsız qalıb və Heydərovsuz ilk oyununa çıxacaq. Rəqib isə başında Zaur Axundovun dayandığı “Keşlə”dir. Axundov Müşahidə Şurasının sədri postundan istefa verib eləməsə də, Keşlə təmsilçisi elə başsız təsiri bağışlayır. Komanda nə düz-əməlli oyun oynayır, nə də… Nəticə göz önündədir: sonuncu pillə. Baş məşqçi Tərlan Əhmədov bütün bunlardan bezib istefa vermək istəsə də, Axundov onu fikrindən daşındıra bilib. Görünür, Axundov da başa düşür ki, bu komandada kimin baş məşqçi olmasından asılı olmayaraq, nəticə olmayacaq. Paradoks isə budur: son mövsümdə “Qəbələ”nin uğurlu çıxış etmədiyi üçün tənqid olunan baş məşqçisi Sənan Qurbanov yox, klub prezidenti istefa verir, mövsümü bərbad keçirən, autsayder “Keşlə”də daha az günah sahibi olan Tərlan Əhmədov getmək istəyir, komandanın bu günə düşməsində birbaşa rolu olan Axundov postunda qalır…

Statistika nə deyir?
“Keşlə” 14 oyundur qalib gəlmir. Paytaxt klubunun son üç ev oyununda hər iki komanda qol vurub.
Keşlə – Qəbələ: 43 oyun, 14 qələbə, 17 heç-heçə, 12 məğlubiyyət, top fərqi 53-43

Möcüzə olacaq?

Turun son oyununda zirvədə qərarlaşan “Neftçi” 3-cü pillədəki “Səbail”in qonağı olacaq. Bu komandalar arasında 18-ci turda keçirilən görüşdə “Səbail”in 2:1 hesablı qələbə qazanması gözlənilməz olmuşdu. “Səbail”in qələbəsini gözlənilməz edən, hər iki komandanın AFFA-nın nəzarəti altında olmasıdır. Ancaq bu dəfə “kiçik qardaş”ın yenə eyni qəhrəmanlığı edəcəyi inandırıcı görünmür. Çempionatın başa çatmasına az qalıb və “neftçilər” üçün hər xal qızıla bərabərdir. “Səbail” bu dəfə də qələbə qazana bilsə, bu, artıq gözlənilməzlik yox, möcüzə olar.

Statistika nə deyir?
“Neftçi” ardıcıl 6 oyundur meydanı qolsuz tərk etmir. “Səbail” son iki ev matçında “quru hesab”la uduzub.
Səbail – Neftçi: 7 oyun, 2 qələbə, 0 heç-heçə, 5 məğlubiyyət, top fərqi 4-16

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button