“Avtoş” Bartez, buzda rəqs edən Mansız, velosipedlə “ÇL-i qazanan” Ravanelli Yazı+Fotolar

Peşəkar futbolçuların əksəriyyəti karyeralarını başa vurduqdan sonra elə futbolun içində qalmağa davam edirlər: bəziləri məşqçi, bəziləri klub rəsmisi, bəziləri də şərhçi kimi. Amma elə futbolçular da var ki, ya futbolçu karyeralarından əvvəl, ya da karyeralarını bitirdikdən sonra idmanın başqa sahələrinə yönəlirlər və orda da uğur qazanırlar.

Komanda.az sizə peşəkar futbolla yanaşı, idmanın digər növlərində özünü sınayan futbolçuları təqdim edir:

Fil Nevill – kriket

İdmançı ailəsində dünyaya gələn Fil Nevill, idmanın başqa sahələri ilə də yaxından maraqlanıb. 15 yaşına qədər kriketlə məşğul olan Nevill, hətta 15 yaşa qədər kriket milli komandasının kapitanlığını da edib. Amma daha sonra o, “Mançester Yunayted”dən gələn təklifi rədd edə bilməyib.

Qabriel Batistuta – polo

Argentina millisinin və A Seriyasının unudulmaz isimlərindən olan Batistuta, 2005-ci ildə futbolla vidalaşır. Karyerasını bitirdikdən sonra isə polo məşqlərinə başlayır. Peşəkar olaraq bir müddət poloda özünü sınayan Batistuta, bir neçə il sonra “La Qloria” polo klubunu alır.

Mvd873375

Lev Yaşin – xokkey

Futbol tarixində “qızıl top” mükafatını qazanan yeganə qapıçı olan Lev Yaşin, futbolçu kimi uğurunu əslində buz xokkeyi sayəsində qazanıb. O, “Dinamo”da (Moskva) oynayarkən, eyni zamanda klubun xokkey komandasında da forma geyinirdi. 1953-cü ildən Yaşin futbol komandasının əsas qapıçısı oldu.

Fabien Bartez – avtomobil yarışı

1998-ci ildə keçirilən dünya çempionatının qalibi olan Fransa millisinin mundialda qapısını Fabien Bartez qoruyurdu. 2007-ci ildə futbolçu karyerasını bitirən Bartez, bir il sonra avtomobil yarışlarına qatılır və 2013-cü ildə Fransa çempionu olaraq, böyük uğur əldə edir.

Aleks Oksled Çemberleyn – reqbi və kriket

Məktəbdə futbol komandasının olmamasına görə, əvvəllər reqbi və kriketdə özünü sınayan Aleksin əsas istəyi, məhz futbolçu olmaq idi. “Hampşir” kriket klubundan peşəkar təklif alan gənc, futbol istəyinə görə bu təklifi rədd edir. O, hazırda “Liverpul”un şərəfini qoruyur.

Can Bartu – basketbol

Can Bartu “Fənərbaxça”nın basketbol komandasında oynayarkən, baş məşqçi Fikrət Arıcan tərəfindən futbol komandasına dəvət edilir və peşəkar futbolçu olur. 6 il İtaliyada oynamış “Sinyor” (“Fiorentina, “Latsio” kimi klublarda) ləqəbli futbolçu, eyni gündə həm basketbol komandasında çıxış etmiş, həm də “Qalatasaray”a qol vurmuşdu.

İlhan Mansız – buz rəqsi

DÇ-2002-də ulduzu parlayan, “Beşiktaş”da bombardir olan İlhan Mansız uzun müddət davam edən zədələrdən sonra futbolçu karyerasını bitirmək məcburiyyətində qalır. O, lap yaxın zamana kimi “Beşiktaş”da məşqçi kimi çalışmasına baxmayaraq, bir müddət buz rəqsi ilə məşğul olub. Amma tərəfdaşı Olqa Bestandiqova ilə birlikdə cütlüklərin Avropa çempionatına qatılmaq üçün kifayət qədər xal toplamağı bacarmayan Mansız, bu istəyindən imtina etməli olur.

Biksant Lizarazyu – ciu-citsu

1998 və 2000-ci illərdə dünya və Avropa çempionu olmuş Fransa millisinin bir parçası olan Lizarazyu, futbolçu karyerasını bitirdikdən sonra ciu-citsuya maraq göstərir. Bu maraq onu ciu-citsu üzrə Avropa çempionu edir. O, verdiyi açıqlamaların birində, “Ciu-citsu üzrə yarışa qatılanda 18 yaşımda futbola başlayanda hiss etdiyim həyəcanın eynisini yaşamışdım” deyirdi.

Fabritsio Ravanelli – velosiped

90-cı illərin İtaliya futbolunun əfsanəvi hücumçularından hesab olunan Ravanelli, futbol karyerasını başa vurduqdan sonra idmandan ayrılmır. Peşəkar şəkildə velosiped idmanı ilə məşğul olmağa başlayan keçmiş futbolçu, artıq Avropdakı ən vacib velosiped idmanı tədbirlərinin əsas ismidir. O, velosiped idmanı ilə bağlı bunları deyir: “Velosipedlə qarşıma qoyduğum müəyyən hədəfə çatanda özümü möhtəşəm hiss edirəm, Çempionlar Liqasını qazanmış kimi”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button