“Günü bu gün De Byazini də, Obradoviçi də köməkçiləri ilə birlikdə evlərinə yola salmaq lazımdır” SORĞU

Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya 0:3 hesabıyla uduzdu.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv seçmə mərhələdə keçirdiyi 5 oyunda 4 dəfə məğlub olub, 1 dəfə isə heç-heçə edib. Milli qrupda 1 xalla sonuncudur.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması da AÇ-2023-ün seçmə mərhələsində mübarizəyə başlayıb. Milan Obradoviçin rəhbərlik etdiyi komanda Xorvatiyaya 0:2, Avstriyaya 0:6 hesabıyla uduzub.

Azərbaycanın əsas və U-21 yığmasının sərgilədiyi oyunlar və nəticələrin yaxşı olmaması azarkeşləri və futbol ictimaiyyətinin kəskin narazılığına səbəb olub. Tənqidlərə baxmayaraq, nəticələri dəyişməyən Azərbaycan futbolu hara gedir, çıxış yolu nədir? Bu sualla idman jurnalistlərinə müraciət etdik:

Amal Abışov (Sport7.az);

“Nəticələr, oyun səviyyəsi hər şeyi deyir. Azərbaycan futbolu getdiyi yerə çatıb, daha bundan o tərəfə yol yoxdu. Qalır elçi daşını səbəbkarların başına çırpıb, futbolumuzu bu uçurumdan geri qaytara biləcək ürəkli insanların tapılması. Elə günü bu gün De Byazini də, Milan Obradoviçi də öz köməkçiləri ilə birlikdə evlərinə yola salmaq lazımdır. Ondan sonra AFFA-da islahatlar aparılmalı, vətənini sevən, işini bilən insanlara meydan verilmələdir. Bunun nəticə verəcəyinə inanıram”.

Sənan Abdullayev (“Xəzər” TV);

“Bu, o deməkdir ki, bizim futbolumuzun nə bu günü var, nə də sabahı. Azərbaycan futbolunda üç nəsildən milyonlar qazanmış insanlar var. Onlarla vidalaşmaq zamanıdır. Çox gecdir, amma bizə də qismət olmasa, heç olmasa, nəvələrimizə sevinmək qismət olsun. AFFA-da bir yox, ən azı on postu dəyişmək lazımdır. Artıq müasir idarəçilikdən, futboldan anlayan gənclər gəlməlidir. Büdcəyə ciddi nəzarət, real plan və tələb olmalıdır. Futbolumuz daha indiki kimi, bir qrup insanın biznes mərkəzi funksiyasını daşımamalıdır”.

Kənan Həsənov (Futbol+);

“Mən çıxış yolu görmürəm. AFFA rəhbərliyində kimin yer almasından, yığmalara kimlərin rəhbərlik etməsindən asılı olmayaraq, belə də davam edəcək. 30 ildir yerimizdə sayır, hətta geri gedirik. Ona görə də, təklif edərdim ki, dövlət tərəfindən AFFA-ya, dolayısı ilə milli komandalara ayrılan vəsait nəzərəçarpan dərəcədə azaldılsın və başqa problemli sahələrə yönəldilsin. Bu iş bizlik deyil, biz bu işi bacarmırıq. Onsuz da illərdir hər seçmə mərhələyə iştirak xatirinə qatılırıq. Bundan sonra da bu şəkildə davam edək. Son 30 ildə dünya səviyyəsində ortabab bir futbolçu yetişdirə bilməmişiksə, deməli, bu işi bacarmırıq, bu iş bizlik deyil. Təəssüf ki, reallıq budur. Heç bir hədəfi olmayan federasiyaya və yığmalara ayrılan milyonlar israfçılıqdan başqa bir şey deyil”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button