“Qarabağ” Cəbəllütariqdə yoxlama oyununa çıxmışdı?
Fəxri Rüstəmli
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində səfərdə “Linkoln”u məğlub etdi (2:0). Amma oyunu izlərkən ağlımda bir sual canlandı: Belə mötəbər turnirin oyununun bu cür stadionda keçirilməsi nə dərəcədə doğrudur? UEFA hara baxır? Biz dəridən-qabıqdan çıxırıq ki, avropalılar bizə gülməsin. Hər hazırlığımızı yüksək standartlara uyğun etməyə çalışırıq.
4-5 ay bundan qabaq dünyanın ən möhtəşəm arenalarında, ən mükəmməl azarkeşləri qarşısında sözün əsl mənasında tamaşa göstərən, “at oynadan”, almanı, azərbaycanlısını qarışıq stresə, həyəcana boğan komandanı belə mötəbər turnirdə, belə bir “stadion”da meydana çıxaran qurum nə düşünür görəsən? Bütün Avropada adından söz etdirən komandaya qarşı münasibət birmənalı deyilmi? Ölkələrin reytinqi nəzərə alınırsa, buna da çəki-düzən verilməlidir.
Millisinin nəticələri aşağıdır deyə, transferlərə milyonlar xərcləyən, milyonların sevimlisi olan komanda, üzr istəyirəm, hansısa “kənd komandası” ilə özünü belə meydançalarda yormalı deyil, cənab avropalılar. Bu məsələyə bir çarə qılınsın artıq. “Qarabağ” məhlə futboluna çıxmamışdı, nə də bu, yoxlama oyunu deyildi. Avropanın ali futbol qurumunun başındakılar, qaydaları dəyişməyin vaxtı çatıb artıq.
Niyyətim Cəbəllütariq klubunu aşağılamaq deyil, amma yığın 700 azarkeşinizi bir yerə, öz aranızda çempionat təşkil edin, dadını çıxarın da… Çempionlar Liqası sizin nəyinizə lazımdır axı?
Bizi Facebook-da izləyin