Avropa Oyunlarında ilk “qızıl” Mahir Əmiraslanovdan gəldi

Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci Avropa Oyunları davam edir.

Komanda.az xəbər verir ki, iyunun 25-də güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb.

Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. 1/4 finalda Makedoniya idmançısına da gücünü göstərən həmyerlimiz yarımfinala yüksəlib. Bu mərhələdə rusiyalı son dünya çempionu Zaur Uquyevlə qarşılaşan Əmiraslanov əzmkar qələbə fonunda finala vəsiqə qazanıb. İyunun 26-da Serbiya güləşçisiylə son görüşə çıxan Mahir möhtəşəm qələbəylə 2-ci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.

Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib. Soner Demirtaşın finala yüksəlməsi Hacıyevə təsəlliverici görüşə çıxmaq imkanı verib. Hacımurad iyunun 26-da yunan rəqibinə rahat qalib gələrək 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Ukraynalı rəqibindən də güclü olan Hacıyev bürünc medalı boynundan asıb.

Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. Qostiyev 1/4 finalda gürcü güləşçinin də öhdəsindən gələrək yarımfinala çıxıb. Ancaq finalın bir addımlığında Rusiya idmançısına uduzan Qostiyev ümidini bürünc medala bağlayıb. İyunun 26-da San Marino təmsilçisiylə keçirilən görüşdə rəqibin 2 xallıq fəndi icra etməsi Aleksandrın medalsız qalmasıyla nəticələnib.

Camaləddin Məhəmmədov 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisiylə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında gürcü rəqibinə uduzub. Ancaq iyunun 26-da baş tutan üçüncü yer uğrunda qarşılaşmada Rumıniya idmançısına vaxtından əvvəl qalib gələn Məhəmmədov komandamıza ikinci bürünc medalı qazandırıb.

57 kq
1/8 final – Mahir Əmiraslanov – Georgi Vangelov (BUL) 6:5
1/4 final – Mahir Əmiraslanov – Vladimir Yeqorov (MKD) 4:0
1/2 final – Mahir Əmiraslanov – Zaur Uquyev (RUS) 3:2
FİNAL – Mahir Əmiraslanov – Stevan Miçiç (SRB) 9:1

74 kq
1/8 final – Hacımurad Hacıyev – Soner Demirtaş (TUR) 3:4
Təsəlliverici görüş – Hacımurad Hacıyev – Kirillos Binenmpaum (GRE) 10:3
Bürünc medal görüşü – Hacımurad Hacıyev – Vasili Mixaylov (UKR) 9:1

86 kq
1/8 final – Aleksandr Qostiyev – Deniv Balaur (MDA) 7:1
1/4 final – Aleksandr Qostiyev – Sandro Aminaşvili (GEO) 6:2
1/2 final – Aleksandr Qostiyev – Dauren Kuruqliev (RUS) 3:6
Bürünc medal görüşü – Aleksandr Qostiyev – Miles Nazem Amin (SMR) 3:3

125 kq
1/8 final – Camaləddin Məhəmmədov – Vitali Piasniak (BLR) 6:0
1/4 final – Camaləddin Məhəmmədov – Daniel Ligeti (HUN) 6:5
1/2 final – Camaləddin Məhəmmədov – Givi Matçaraşvili (GEO) 2:4
Bürünc medal görüşü – Camaləddin Məhəmmədov – Rares Çintoan (ROU) 12:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button