Avropa Oyunlarında iki medal qazanan yunan-Roma güləşçiləri vətənə qayıtdı

Belarusun paytaxtı Minskdə başa çatan 2-ci Avropa Oyunlarında bir gümüş, bir bürünc medal qazanan yunan-Roma güləşçilərimiz bu gün vətənə qayıdıb.

Komanda.az Azərbayacn Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, ənənəyə uyğun olaraq, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların təntənəli qarşılanma mərasimi keçirilib.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Şaban Donat komandanın çıxışını belə dəyərləndirib:

“Bizim üçün bu il ən önəmli yarış dünya çempionatıdır. Bütün gücümüzü lisenziya xarakterli mundial üçün səfərbər edəcəyik. Avropa Oyunlarında isə bəzi gənc güləşçilərimizi sınaqdan keçirdik. Üç medal da qazana bilərdik. Ancaq medal ümidimiz Kərim Cəfərov gəncdir və hələ təcrübəsini artırmalıdır. Bu yarışlar da məhz bunun üçündür. Güləşçiləri belə turnirlərdə sınaqdan keçirərək əsas heyəti formalaşdırırıq. Dünya çempionatına 2 ay qalıb. Bu yarışa yaxşı hazırlaşıb, Olimpiadaya maksimum sayda lisenziya qazanmağa çalışacağıq”.

İlk dəfə çıxış etdiyi Avropa Oyunlarında Azərbaycana gümüş medal qazandıran İslam Abbasov (87 kq) da təəssüratlarını jurnalistlərlə bölüşüb:

“Çempion olmağı çox istəyirdim. Təəssüf ki, alınmadı. Çalışacağam ki, səhvimi Qazaxıstanda keçiriləcək dünya çempionatında düzəldim və qızıl medal qazanım. Çatışmazlıq parterdə oldu. Bir az boşluğa yol verdim. Bunun üzərində daha çox işləyəcəyəm. Həmçinin ayaq üstə fəndlərimi təkmilləşdirməyə çalışacağam. Nəticədə bir səhv belə buraxmadan rəqiblərə qalib gələcəyimə ümid edirəm. Finalda Jan Belenyuka uduzmağım psixoloji amillərlə bağlı deyildi. Ona qalib gəlməyə tam hazır idim. Ancaq az öncə də qeyd etdiyim kimi parterdə zəif çıxış etdim. O məni parterdə üstələdi. Ancaq dözümlülük və fiziki hazırlıq baxımından onu üstələdiyimi düşünürəm”.

Bürünc medalçı Sabah Şəriəti (130 kq) isə bunları deyib:
“Avropa Oyunlarında ikinci dəfə fəxri kürsüyə qalxdığım üçün şadam. Bakıda ikinci yeri tutmuşdumsa, Minskdə bürünc medal qazandım. Daha yaxşı nəticə qazanmağıma mane olan ötən il keçirilən dünya çempionatından sonra iki dəfə zədələnməyim idi. Çalışacağam ki, dünya çempionatına daha yaxşı hazırlaşıb, daha uğurlu nəticə qazanım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button