“Bura səyahətə deyil, Qarabağ uğrunda döyüşməyə gəlmişik” – Gerye
Avropa Liqasının pley-off mərhələsində bu gün, saat 22:00-da “Legiya” ilə qarşılaşacaq “Qarabağ”ın futbolçusu Donal Gerye Polşa mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, haitili müdafiəçi, cəbhədə baş verən hadisələrlə bağlı da fikirlərini bildirib:
- Pasport problemi ilə üzləşməyinə baxmayaraq, Varşavaya gəlməyi bacardın. Bu necə baş tutdu?
- Haiti prezidenti mənim dostumdur. Mənə pasport verdilər, sonra klub nəqliyyat təşkil etdi. Haiti prezidentinin köməkliyi sayəsində hazırlanan pasport Londonda qalmışdı. Lakin son anda sənədi çatdırmaq mümkün oldu və Varşavaya gəldim.
- Püşkatmadan əvvəl “Legiya” ilə qarşılaşmaq istəyirdin?
- Bəli, “Legiya” ilə oynamaq istəyirdim, Polşada çıxış etmək üçün çox darıxmışam. Yakob Jezniçak mənə “Legiya” ilə qarşılaşa biləcəyimizi söylədikdə bunun baş verəcəyinə 80 faiz əmin idim.
- Komandanızın Varşava təmsilçisi önündə şansını necə qiymətləndirirsən?
- “Legiya”nın bir neçə oyununu izləmişəm. Düşünürəm ki, bu komanda Polşada oynadığım vaxtdakı qədər güclü deyil. O dönəmdəki “Legiya” daha güclü idi. Dostlarım məndən “Legiya” barədə soruşdular, onlara böyük klub olduğunu söylədim, amma indi belə olub-olmadığını bilmirəm. Sona qədər mübarizə aparırlar, bizim üçün asan olmayacaq. Bura səyahətə deyil, Qarabağ uğrunda döyüşməyə gəlmişik. Qarabağ silahlı qarşıdurmanın olduğu ərazidə olan Ağdamın komandasıdır. 1992-ci ildə orada müharibə başlayıb, erməni qoşunları Ağdamı işğal edib, yerli əhalini öldürüb. Klubda bu şəhərdən insanlar, o cümlədən uşaqlıqda oranı tərk edərək məcburiyyətdən Bakıya qalan futbolçular var. Bu gün ağdamlılar üçün qələbə qazanmaq istəyirik.
- “Legiya”da oynamaq istədiyini gizlətməmisən…
- Bəli, hələ “Visla”da olarkən həmişə bu komandanın oyunlarına baxırdım. Heyrətamiz azarkeşlərə görə bu klubdan xoşum gəlirdi. Yakob Jezniçaka bir gün orada oynamaq istədiyimi söylədim. Onu görəndə “Legiya, Legiya Varşava” mahnısını oxuyuram. Komanda yoldaşlarıma oyunun azarkeşsiz keçirilməsindən məyus olduğumu söylədim. Çünki 90 dəqiqə necə mahnı oxuduqlarını görə bilməyəcəyik. Mən onlara “dopinqin nə demək olduğunu azarkeşlərin dəstəyi sayəsində görmək olur” demişəm. Azarkeşlər elə ucadan mahnı oxuyurlar ki, bir-birinizi bir neçə metr məsafədən eşidə bilmirsiniz. “Legiya” rəhbərliyi ilə heç vaxt ciddi danışığım olmayıb. Bir dəfə belə bir variant yaranmışdı, ancaq təklif konkret deyildi.
- 2013-2016-cı illərdə çıxış etdiyin “Visla”dan xoş ayrılmadın. Borcunu ala bildin?
- Altı-yeddi ay pulumu ala bilmədim. Oradan ayrılmaq imkanım olanda mənə heç bir borcun olmadığını əks etdirən sənəd verdilər. Transferə razılığı ondan asılı vəziyyətə gətirdilər. “Alanyaspor”dan təklif aldıqdan sonra futbol oynamaq üçün həmin sənədə qol çəkdim. Sonra menecerim məni FİFA-ya şikayət etməyə razı saldı, amma “Visla” ilə məhkəməlik olmaq istəmədim. Bunu etsəydim, öz anamı məhkəməyə vermək kimi olardı. Türkiyədə “Visla”dakından beş dəfə çox, Azərbaycanda isə on dəfə çox qazandım.
- “Qarabağ” 2017/18 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak edib. Komandanız həmin vaxtdakı kimi güclüdür?
- O dövrdə Yakob Jezniçak, Riçard Almeyda, Rəşad Sadıqov kimi aparıcı oyunçularımız indi yoxdur. Amma əvəzində başqa oyunçular var.
- Bir il əvvəl Azərbaycanın digər komandası “Neftçi”yə keçidin necə reallaşmışdı?
- “Qarabağ”la müqaviləm başa çatmışdı. Onun uzadılması barədə razılığa gəldik, amma vəd olunan pulu vaxtında ala bilmədim. Başqa bir yaxşı seçimim yarandı, ora getdim.
- “Qarabağ” azarkeşləri bu zaman sənə qəzəbləndi?
- Əlbəttə, çox qəzəblənmişdilər.
- Ancaq bir il sonra yenidən ora qayıtdın.
- Bəli, yaxşı pul təklif etdilər.
- Azarkeşlər səni bağışlayıb?
- Əvvəl yox, amma sonra çempionat başladıqdan sonra bağışladılar. Mən heç kimdən qorxmuram, ona görə soyadım Geryedir. Mənasını bilirsiz?
- Bəli, döyüşçü.
- Mən Haitidən gəlmişəm, oradakıların hamısı bir döyüşçüdür. Orada özün üçün mübarizə aparmalısan.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin