“Qarabağ”ın rəqibi türklərə görə etiraz etdi, UEFA hakimləri dəyişdi
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Kiprin APOEL klubu 5-ci turda Lüksemburq “Düdelanj”ı ilə səfər oyununa türkiyəli hakimlərin təyinatına etiraz edib.
Komanda.az xəbər verir ki, UEFA bu oyunu Halis Özkayaya həvalə etsə də, Nikosiya təmsilçisi bu qərarla razılaşmayıb. APOEL UEFA-ya şikayət edib və matçın hakimlərinin dəyişdirilməsini istəyib.
Onlar türkiyəli hakimin avrokubokda ilk dəfə Kipr klubunun matçına təyinatını qəbul etmədiklərini bildiriblər. APOEL rəsmiləri həmçinin, Türkiyə və Azərbaycanın yaxın münasibətlərinə görə bu təyinatı birmənalı qarşılamadıqlarını deyiblər.
Bütün bunları nəzərə alan UEFA kiprlilərin etirazını qəbul edib və matçı Canluka Rokkinin rəhbərlik etdiyi İtaliyadan olan hakimlər briqadasına tapşırıb.
“Qarabağ”ın Avropa Liqasının A qrupunda APOEL-lə birgə 4 xalı var. Amma APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən “Sevilya”nın 12, Lüksemburq “Düdelanj”ının isə 3 xalı var. “Qarabağ” 5-ci turda “Sevilya”nın, APOEL isə “Düdelanj”ın qonağı olacaq. Ağdam komandası növbəti mərhələ şansını qorumaq üçün “Sevilya”dan xal almalı və ya APOEL-in xal itirməsini gözləməlidir.
Bizi Facebook-da izləyin