Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Koronavirus pandemiyasına görə martdan dayandırılan Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Danimarkanın “Kopenhagen” klubu doğma meydanda Türkiyə çempionu “Başakşəhər”i qəbul edib. Tərəflər arasındakı ilk oyunda danimarkalılar minimal hesabla məğlub olmuşdu. Cavab qarşılaşmasında isə “Kopenhagen” darmadağınla qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazanıb.

Səfərdə Avstriya LASK-ını 5:0 hesabıyla məğlub edən “Mançester Yunayted”, bu dəfə rəqibi “Old Trafford”da qəbul edib. Bu qarşılaşmada da “qırmızı şeytanlar” qələbə qazanan tərəf olub.

“İnter” “Xetafe” ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyun koronavirus pandemiyasına görə baş tutmamışdı. Bu üzdən də matç neytral meydanda – Almaniyada keçirilib. İnamlı qələbə qazanan İtaliya təmsilçisi növbəti mərhələyə adlayıb.

“Şaxtyor”la “Volfsburq” arasındakı cavab görüşü Ukraynada oynanılıb. Komandalar arasındakı ilk oyunda donetsklilər 2:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə almanlar daha böyük hesabla uduzublar.

Şotlandiyada “Reyncers”i 3:1 hesabı ilə məğlub etmiş “Bayer” bu üstünlüyü Almaniyadakı oyunda da qoruyub və növbəti mərhələyə yüksəlib.

Bu görüşlə eyni saatda start götürən digər matçda İspaniya “Sevilya”sı ilə İtaliya “Roma”sı münasibətlərinə aydınlıq gətirib. Bu klublar arasında ilk oyun pandemiya səbəbindən təxirə salınmışdı. Bu üzdən də tərəflər cütün qalibini neytral meydanda – Almaniyada keçiriləcək tək oyunda müəyyənləşdirib. Daha inamlı İspaniya təmsilçisi 1/4 finala adlayıb.

Frankfurtda “Ayntraxt”ın qapısından 3 cavabsız top keçirmiş “Bazel” Almaniyadan olan rəqibini İsveçrədə də də üstələyib.

Gecənin digər oyununda isə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi İngiltərə “Vulverhempton”u Yunanıstan “Olimpiakos”unu qəbul edib. Minimal hesabla üstün olan Britaniya təmsilçisi mərhələ adlayan tərəf olub.

Beləliklə, 1/4 finalda “Mançester Yunayted” “Kopenhagen”lə, “Şaxtyor” “Bazel”lə, “İnter” “Bayer”lə, “Vulverhempton” da “Sevilya” ilə üz-üzə gələcək.

Avropa Liqası, 1/8 final mərhələsi, cavab oyunları

5 avqust

Kopenhagen (Danimarka) – Başakşəhər (Türkiyə) 3:0
Qol
: Vind, 4; 53-pen. Falk, 62.
İlk oyun – 0:1

Şaxtyor (Donetsk, Ukrayna) – Volsfburq (Almaniya) 3:0
Qol
: Moraes, 89; 90+3. Solomon, 90+1.
İlk oyun – 2:1

İnter (İtaliya) – Xetafe (İspaniya) 2:0
Qol
: Lukaku, 33. Eriksen, 83.
İlk oyun baş tutmayıb

Mançester Yunayted (İngiltərə) – LASK (Avstriya) 2:1
Qol
: Linqard, 57. Marsyal, 88 – Vizinger, 55.
İlk oyun – 5:0

6 avqust

Bayer (Almaniya) – Reyncers (Şotlandiya) 1:0
Qol
: Dyabi, 51.
İlk oyun – 3:1

Sevilya (İspaniya) – Roma (İtaliya) 2:0
Qol
: Reqilon, 22. En Nesiri, 44.
İlk oyun baş tutmayıb

Bazel (İsveçrə) – Ayntraxt (Frankfurt, Almaniya) 1:0
Qol
: Frey, 88.
İlk oyun – 3:0

Vulverhempton (İngiltərə) – Olimpiakos (Yunanıstan) 1:0
Qol
: R.Ximenes, 9-pen.
İlk oyun – 1:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button