“Avropa çempionu olmağa hazır deyildim” – Hacı Əliyev

“Bu gözəl qələbə münasibətilə xalqımızı təbrik edirəm. Həqiqətən də, uşaqlarımız çox yaxşı güləşdilər”.

Komanda.az xəbər verir ki, bu sözləri sərbəst güləşçi, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 65 kq çəki dərəcəsində gümüş mükafata yiyələnən Hacı Əliyev Azərbaycana geri döndükdən sonra keçirilən brifinqdə söyləyib. O, hədəfinin olimpiya çempionluğu olduğunu söyləyib:

“Olimpiadadan sonra bir neçə ay fasilə götürdüm. İstirahəti başa vurduqdan sonra düşündüm ki, cəmi iki ildən sonra növbəti Olimpiya Oyunlarıdır və Paris-2024-də iştirak edə bilərəm. Artıq gələn il ilk lisenziya yarışı olacaq. Avropa çempionatı öncəsi millinin sonuncu təlim-məşq toplanışında iştirak etdim. 4-cü dəfə Avropa çempionu olmaq istəyirdim. Ancaq tam hazır deyildim. Şükür Allaha, yenə də medalsız gəlmədim. Yaxşı nəticə göstərdim. Hədəfim olimpiya çempionu olmaqdır. İnşallah, Parisdə qızıl medal qazanaram”.

Əliyev, macarıstanlı İsmail Musukayevə məğlubiyyətinin səbəbini də açıqlayıb:

“Musukayev yaxşı rəqibdir. İlk hissədə ayağım ilişdi və “xaç” fəndinə görə rəqib 6 xal qazandı. Özümdən asılı olmadan bu vəziyyətə düşdüm. Onun məndən güclü və məğlubedilməz olduğunu düşünmürəm. Sadəcə, bu dəfə görüş alınmadı. Bu, olimpiadadan sonra ilk yarışım idi. Məndən fərqli, digər komanda yoldaşlarımın yarış təcrübəsi var idi. Bu da finalda rol oynadı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button