Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş keçirildi

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Estoniyanın paytaxtı Tallində klublararası Avropa çempionatında uğur qazanmış komandalarla görüş keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə qurumun vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, klubların baş məşqçiləri və mükafat qazanan idmançılar iştirak ediblər.

Nağı Səfərov müxtəlif komandaların heyətində 9 medal qazanan taekvondoçuların çıxışını uğurlu adlandırıb. O bildirib ki, böyük uğura gedən yol məhz yeniyetmə dövründən başlayır. Vitse-prezidentin sözlərinə görə, ölkə taekvondosuna adını yazdırmış çempionlar da vaxtı ilə aşağı yaş qruplarında uğur qazanıb və bunun ardını gətiriblər. O, növbəti yarışlarda da bunu davam etdirmələrini arzulayıb.

Avropa çempionatında 4 yetirməsi fəxri kürsüyə qalxan “Ümid”in baş məşqçi İlkin Şahbazov da uğurlu çıxışı davam etdirəcəklərinə inandığını deyib. Avropa çempionu qeyd edib ki, yeniyetmə taekvondoçuların daha da inamlı çıxışı üçün bütün bacarıqlarından istifadə edəcəklər.

Niyaməddin Paşayev klubların Tallində uğurlu çıxış etdiyini vurğulayıb. Avropa çempionatında fərqlənənləri təbrik edən ATF rəsmisi onların gələcəkdə də Azərbaycan bayrağını yüksəklərə qaldıracağına inam ifadə edib. Klubları yarışlara hazırlayan müəllimlərə təşəkkür edən dünya çempionu bildirib ki, gələcəkdə daha yüksək zirvələri fəth etmək üçün federasiya həmişə onlara dəstək olacaq.

Veteranlar arasında yarışlarda bürünc medala sahib olan Vüqar Kərimovu da təbrik edən Paşayev ona uğurlar arzulayıb.

Sonda idmançılara hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, “Ümid”in heyətində Sabir Məmmədli (27 kq) qızıl, Coşqun Məmmədzadə (33 kq) gümüş, Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medala qazanıb. Beyrək Bağırovun rəhbərlik etdiyi “Gədəbəy”də Həsən Süleymanov çempion tituluna sahib olub. “Fortis”dən Mehman Qənbərovun (27 kq) üçüncü yeri tutduğu Avropa çempionatında Asim Xudiyevin baş məşqçisi olduğu “Alov”un iki taekvondoçusu Əli Hüseynli (44 kq) gümüş, İsa Hüseynli (40 kq) bürünc mükafata yiyələnib. Azərbaycanın aktivinə 9-cu medalı isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button