Avroliqanın finalına bilet üçün müraciət mərhələsinə start verildi
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər üçün müraciət mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, Martın 7-dən 21-dək davam edəcək müraciət mərhələsində hər kəs şəxsi hesabına (qeydiyyat üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına keçərək şəxsi bilet hesabını yaratmaq lazımdır) daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet ala bilər.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Gənclər üçün paket də təqdim olunacaq və bunun qiyməti 60 avro olacaq. Bu paketə ikinci kateqoriyalı iki bilet – bir böyük (məsələn, valideyn) və bir 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet daxildir. 400 ədəd gənclər paketi (800 bilet) hər kəs üçün satışda olacaq.
Final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə aparacaq.
Müraciətiniz təsdiq olunarsa, martın 28-dən aprelin 5-dək ödəniş etməklə lotereyada adınıza çıxan bileti əldə edə bilərsiniz. Göstərilən tarixlərdə ödəniş edilmədikdə, yerdə qalan biletlər yenidən satışa buraxılacaq.
Mayın 21-dən aldığınız bilet mobil telefonunuza göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Siz, eyni zamanda, digər şəxslər üçün aldığınız biletləri onların mobil telefonuna göndərə bilərsiniz. Bu şəxslər də öz növbələrində UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.
Oyun günü stadiona giriş zamanı mobil bileti aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.
Xatırladaq ki, final qarşılaşması üçün nəzərdə tutulan 64 000 biletdən 37 500 ədədi ümumi satışa buraxılacaq. Yerdə qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.
Bizi Facebook-da izləyin