Avroliqa və Konfrans Liqasında da finalın hakim təyinatları açıqlandı
Futbol üzrə Avropa Liqasında və Konfrans Liqasında 2021/22 mövsümünün final oyunlarına hakim təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Almaniyanın “Ayntraxt” (Frankfurt) və Şotlandiyanın “Reyncers” komandalarının üz-üzə gələcəyi Avroliqanın final matçını sloveniyalı hakimlər briqadası idarə edəcəklər. Baş hakim Slavko Vinçiç, yan xətt hakimləri Tomaj Klançnik və Andray Kovaçiç, dördüncü referi isə serbiyalı Srcan Yovanoviç olacaq. Görüş İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.
İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları arasında keçiriləcək Konfrans Liqasının final matçı isə rumıniyalı İştvan Kovaça həvalə edilib. Ona yan xətt hakimləri Vasile Florin Marinesku və Mixay-Ovidiu Artene kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şerer yerinə yetirəcək. Bu qarşılaşma mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək.
Bizi Facebook-da izləyin