“Sabah” heyətə əl gəzdirsə, hətta Konfrans Liqasının qrupunda da oynaya bilər” – SORĞU

Qarşıdakı mövsümdə Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün komandalar məlum olub. “Qarabağ” UEFA Çempionlar Liqasında , “Sabah” UEFA Avropa Liqasında , “Zirə” və “Araz-Naxçıvan” isə UEFA Konfrans Liqasında çıxış edəcək.

Biz isə “Avrokuboklarla bağlı proqnozunuz necədir? Sizcə, hansı komandaların “yol”u uzun, hansılarda qısa olacaq?” sualları ilə idman mediasında çalışan bəzi həmkarlarımızın fikirlərini öyrəndik:

Mahir Rüstəmli (“Futbol+” qəzeti)

“Mən “Qarabağ” və “Zirə”nin yolunun daha uzun olacağını deməklə Amerika kəşf etmirəm. Onsuz da “Qarabağ”ın imkanları, avrokubok təcrübəsi və maliyyə gücü hər kəsə məlumdur. Ağdam təmsilçisinin üç turnirdən birində əsas mərhələdə oynamaq ehtimalı yetərincə realdır.

İkinci şanslı komanda isə təbii ki, “Zirə”dir. Həm sabit heyətinə, həm məşqçi amilinə, həm də keçənilki avrokubok təcrübəsinə görə “qartallar”a güvənmək olar. Lakin komandanın Avropa Liqasından mübarizəyə başlaması daha yaxşı olardı, çünki Konfrans Liqasında bir neçə mərhələ keçib, əsas qrupa düşmək çətin olacaq.

Açığı, “Sabah” və “Araz-Naxçıvan” haqda danışmaq mənim üçün çətindir. Çünki bu komandaların bu heyətlə və bu oyunla avrokuboklarda yolunun uzun olması mümkün deyil. Mən “Sabah”ın baş məşqçisi Vasili Berezutskini kifayət qədər təcrübəli hesab etmirəm və düşünmürəm ki, bu yükün altından çıxa bilər. Eyni sözləri “Araz-Naxçıvan”a da aid edə bilərik. Düşünürəm ki, hər iki klub ilk mərhələdə mübarizəni dayandırmaq istəmirsə, heyətdə düzəlişlər etməlidirlər”.

Natiq Muxtarlı (“Aut.az”)

”Azərbaycan klublarının avrokubok macərası bu mövsüm daha uğurlu olmalıdır. Hesab edirəm ki, həm “Zirə”, həm də “Araz Naxçıvan” Konfrans Liqasında ən azı bir mərhələ adlamağa qadirdir.

“Sabah” isə heyətə bir qədər əl gəzdirsə, hətta Konfrans Liqasının qrupunda da oynaya bilər. Bu komanda mübarizəyə Avropa Liqasından başlayacağı üçün şansı daha çoxdur. Komanda Avropa Liqasında ilk mərhələni adlasa, Konfrans Liqasının qrupuna vəsiqə qazanmaq şanslarını daha da artıracaq. Həm “Zirə”, həm də “Sabah” bu mövsüm Avropaya daha böyük təcrübə ilə yollanacaq. Bu təcrübə onların işinə yaramalıdır.

Amma bütün hallarda, yenə də əsas ümid “Qarabağ”adır. Ancaq Qurban Qurbanovun komandasının Çempionlar Liqasına vəsiqə əldə edəcəyini düşünmürəm. Çünki komandada ciddi boşluqlar var. Hücum xətti demək olar ki, lidersizdir. “Sabah”la oyunda komanda yorğun, fizik cəhətdən zəif təsir bağışladı. Düzdür, bu çatışmazlığı avrokubokların startına qədər aradan qaldırmaq mümkündür. Amma hücumda komandaya mütləq lider lazımdır. Bunu reallaşdırmaq mümkün olacaq? Mümkün olsa, “Qarabağ” asanlıqla Avropa Liqasının qrupuna vəsiqə əldə edəcək. Əks təqdirdə, Ağdam təmsilçisinin Konfrans Liqasında mübarizə aparması ilə təsəlli tapacağıq”.

Anar Xanlarov (“Rekord.az”)

“İlk növbədə, bütün klublarımıza uğurlar arzulayıram. Təbii ki, əvvəlcə püşkü gözləmək lazımdır. Klublarımızın nə dərəcədə uğurlu çıxışı onlara düşəcək rəqiblərdən asılı olacaq. Bu, ümumi fikirdir. Amma təbii ki, uğurlu çıxış edib-etməmək klublarımızın keçəcəyi hazırlıqdan, həyata keçirəcəkləri transferlərdən də çox asılıdır. “Qarabağ” təbii ki, əsas ümid mənbəyidir, ilk növbədə bu komandadan uğurlu çıxış gözləyirik. “Zirə” də neçə ildir ki, yüksəlişdədir. Rəşad Sadıqov möhkəm komanda formalaşdırıb və ötən il pley-offa qədər gedib çıxdılar. Bu mənada, “Zirə”dən də uğurlu çıxış gözləyirəm.

Lakin açığını desəm, “Araz-Naxçıvan” və “Sabah”dan hansısa ciddi uğur gözləmirəm. Naxçıvan təmsilçisi tarixində ilk dəfə avrokuboklarda oynayacaq, zəif rəqiblərin yer aldığı səbətdən çıxacaq, özündən güclü rəqiblə qarşılaşacaq. Bu mənada, bir mərhələ keçsə belə, böyük uğur sayılacaq. “Sabah”ın klub olaraq potensialı yüksək olsa da, Vasili Berezutski ilə ciddi uğur qazanması real deyil”.

Mehman Süleymanov (“Presssport.az”)

“Bu yolun nə qədər “qısa” və ya “uzun” olması əsasən iki amildən asılı olacaq. İlk amil rəqibin münasib və ya çətin olmasıdır. Digər amil isə, “Qarabağ” da daxil olmaqla bütün komandalarımız heyətlərini gücləndirməlidirlər. Düşünürəm ki, ən çətin iş “Araz-Naxçıvan”ın üzərinə düşür, çünki bu komanda avrokuboklarda debüt edəcək. Aydın məsələdir ki, reytinqi olmadığına görə çətin rəqiblə üz-üzə qalması reallığı var. Lakin digər tərəfdən, komandanın baş məşqçisinin Elmar Baxşıyev olduğunu unutmaq olmaz, yaxşı komanda formalaşdırıb və onun avrokubok təcrübəsi var.

“Sabah”ın üstünlüyü ondadır ki, Avropa Liqasında oynayacaq. Ən azı 4 oyunu “qaranti” edəcək, çünki uduzsa belə, Avropada mübarizəni dayandırmayacaq. Burada da bir məqam var ki, komanda Vasili Berezutski ilə yola davam edəcək, ya yox? Digər məqam isə dediyimiz kimi, çox şeyin heyəti gücləndirməkdən asılı olacağıdır. Ən azından “Sabah”ın avrokubok tərcübəsi var, “Araz-Naxçıvan” kimi “sıfır” deyil. Düşünürəm ki, potensialı bir qədər irəliləmək imkanı verir.

“Zirə”nin üstünlüyü isə komandanın uzun müddətdir ki, Rəşad Sadıqovla işləməsidir. Lakin “Zirə” keçən il Avropa Liqasında oynayırdısa, bu dəfə həmin o limiti yoxdur. Konfrans Liqasında oynadığına görə, mübarizəni dayandırsa, Avropa macərası bitmiş olacaq.

Təbii ki, artıq neçə ildir ki, bütün ümidlərimiz “Qarabağ”la bağlıdır. Düşünürəm ki, Ağdam təmsilçisi bu dəfə də azarkeşlərimizi sevindirəcək və komandanın Çempionlar Liqasında mübarizəyə başlaması digər turnirləri də ona “qarantiya” edir. Məncə, bu dəfə də biz bu komandanı azı Avropa Liqasında təmsilçimiz olaraq görəcəyik. Amma təbii ki, 8 il öncə olduğu kimi Çempionlar Liqasının himninin Bakıda səslənməsini və Qurban Qurbanovun komandasının Çempionlar Liqasında qrup mərhələsinin iştirakçısı olmağını gözləyirik. Düzdür ki, indi qrup mərhələsi yox, liqa mərhələsidir və tamam başqa format, tam başqa komanda sayıdır. “Qarabağ”ın işi əvvəlkindən qat-qat çətin ola bilər”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button