“Atletiko” koronavirus aşkarlanan futbolçularının adlarını açıqladı
Xəbər verdiyimiz kimi, İspaniyanın “Atletiko” klubunda iki nəfərdə koronavirusa yoluxma aşkarlanıb.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin rəsmi saytı daha öncə bu məlumatı açıqlasa da, onların kimliyini gizli saxlamışdı.
Xəbərdə UEFA Çempionlar Liqasının Portuqaliyadakı final mərhələsinə yollanmazdan öncə verilən testlərdən ikisinin müsbət nəticələndiyi diqqətə çatdırılmışdı. Artıq onların kimliyi də bəllidir. “Atletiko”nun mətbuat xidmətinin ən son yaydığı məlumata görə, koronavirusa yoluxanlar futbolçular – hücumçu Anxel Korrea ilə müdafiəçi Şime Vrsalkodu. Onlarda virusun simptomlarına rast gəlinmədiyi bildirilir.
“Atletiko” Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində avqustun 13-də Almaniya təmsilçisi “Leypsiq”lə üz-üzə gələcək. Görüş Portuqaliyada keçiriləcək.
Bizi Facebook-da izləyin