Atıcılıq üzrə dünya kubokunda növbəti qaliblər müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə dünya kubokunda qadınlar və kişilər arasında tüfəngdən 50 metr məsafəyə üç mövqe üzrə atəş açma növündə final görüşləri keçirilib.

Komanda.az xəbər verir ki, Almaniyanı təmsil edən Anna Yanssen həlledici qarşılaşmada Tokio-2020-də olimpiya çempionu olmuş isveçrəli Nina Kristeni üstələyərək qızıl medal qazanıb. 

Nina Kristen gümüş, çinli Jiayu Han bürünc medalla kifayətlənib.

Mükafatlandırma mərasimindən sonra yeddi dəfə dünya kubokunun qalibi olmuş üçqat dünya, yeddiqat Avropa çempionu Anna Yanssen fikirlərini bölüşüb: 

“Finaldakı rəqibim olimpiya çempionu idi. Titullarla zəngin olan çox yaxşı atletdir. Mənim üçün asan olmayacağını bilirdim. Həlledici mərhələdə düşünürdüm ki, olimpiya çempionunu məğlub etmək möhtəşəm olar. Həlledici raunda bu cür kökləndim və qələbə qazanmağı bacardım. Son raunda kimiz qalanda aramizdakı xal fərqi 1,5 idi. Əslində, bu, ciddi fərq deyil. Amma söhbət finaldan gedirsə, böyük üstünlük sayıla bilər. Final atışlarından əvvəl fərqi görəndə qalib gələcəyimi hiss etmişdim. Hələ də Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanmamışam. Yarışlar davam edir. Ümid edirəm ki, bunu bacaracam”. 

Qadınların mübarizəsindən sonra kişi idmançıların yarışı baş tutub. Çini təmsil edən atletlər qızıl medal uğrunda yarışıblar. Yukun Liu son atışları daha dəqiq yerinə yetirərək həm qalib olub, həm də dünya rekordunu yeniləyib (467.3).

Onun həmyerlisi Linşu Du gümüş, fransalı Lukas Bernar Denis Kriz bürünc medal qazanıb.

Yarış başa çatandan sonra Yukun Liu təəssüratlarını dilə gətirib:

“Mənim üçün qızıl medal qazanmaq, yaxud dünya rekordunu yeniləmək o qədər də əhəmiyyətli deyil. Ən vacibi nəyə qadir olduğumu göstərmək və görmək idi. Son atışlardakı rəqibim həmyerlim idi. Amma bunun da ciddi önəmi yoxdur. Başqa ölkənin atleti də ola bilərdi. Dediyim kimi, mənim üçün vacib olan potensialımı göstərmək, atışlardan zövq almaq və dostluq ortamından xoşlanmaqdır. Bakıda keçirilən dünya kubokunda çinli idmançıların daha çox medal qazanmasının başlıca səbəbi təlim-məşq toplanışları zamanı daha çox əziyyət çəkmələridir. Təlimlərdə qarşımıza müəyyən hədəflər qoyuruq və bu cür yarışlarda həmin nöqtəyə çatmaq üçün səy göstəririk. Bakıda gördüklərimə gəlincə, paytaxtınızı çox bəyənirəm. İmkan olduqca gəzməyə çıxırıq. Yüksək mərtəbəli binalar, işıqlı küçələr, ictimai-iaşə obyektlərinin çoxluğu Bakıya gözəllik verir. Bakı Atıcılıq Mərkəzi isə sözün bütün mənalarında möhtəşəmdir. Müasir standartlara cavab verir, iştirakçılar üçün hər cür şərait var. Şəxsən bura gələndə zövq alıram”.

Bürünc medalın sahibi fransalı Lukas Bernar Denis Kriz də Bakı Atıcılıq Mərkəzinin dünyada ən yaxşı qurğu olduğunu gizlətməyib:

“Mənim üçün xoş gündür. Bürünc medalı əla adlandıra bilmərəm. Daha yaxşısını edə bilərdim. Çinli rəqiblərim bu gün sözün hər mənasında möhtəşəm idi. Üçünçü yer uğrunda mübarizədə Finlandiyadan olan atıcı ilə xallarımızın bərabərə qalması, əlavə atışlara ehtiyac duyulması və həmin məqamda üstünlük göstərməyim ümidimi artırmışdı. Lakin artıq gec idi. Çünki çinlilər xal fərqini artırmışdılar. Buradakı atəş meydanları əladır. Mənə görə dünyanın ən yaxşı mərkəzidir. Xüsusən final zalından hədsiz zövq alıram. Bu, Azərbaycana dördüncü səfərimdir. Bakıda özümü olduqca rahat hiss edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button