“Atam mənim üçün demək olar ki, hər şey deməkdir” – Musa Qurbanlı

İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “expressen.se” saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, Qurbanlı, atası Qurban Qurbanov barədə də danışıb. 21 yaşlı hücumçu 15 ildir “Qarabağ”a rəhbərlik edən atasının Azərbaycanda çox sevildiyini deyib:

“Atam mənim üçün nümunədir. O, təkcə mənim üçün deyil, ölkəmizdəki digər gənc futbolçular üçün də örnəkdir. Təkcə futbol uğurlarına görə yox, həm də şəxsiyyətinə, xarakterinə görə. O, ölkəmiz və futbolumuz üçün çox şey edib. Uşaqlıqdan mənə hər şeyi öyrədib. Atam mənim üçün demək olar ki, hər şey deməkdir”.

Azərbaycan millisinin üzvü “Yurqorden”in baş məşqçiləri Kim Berqstrand və Tomas Laqerlöfün haqqında da müsbət fikirlər səsləndirib:

“Cəmi bir aydır burada olmağıma baxmayaraq, deyə bilərəm ki, yaxşı məşqçilər korpusumuz var, onların fəlsəfəsini bəyənirəm. Topun bizdə qalmasını və hücumların kəsərini artırmağımızı istəyirlər, yüksək təzyiq göstərirlər. Mən də belə futbol oynamağı xoşlayıram”.

Qurbanlı yay fasiləsində “Qarabağ”ı Stokholm klubuna dəyişməsinin səbəbini də izah edib:

“Gənc futbolçuyam, peşəkar karyerama yeni başlamışam. Yayda böyük liqalarda oynayan komandalar mənimlə maraqlanırdılar. Amma hiss etdim ki, ilk addımı atmaq baxımından “Yurqorden” daha yaxşıdır. Avropaya uyğunlaşmalı və daha çox təcrübə toplamalıyam”.

O, Azərbaycan və İsveç çempionatlarını da müqayisə edib:

“İsveç çempionatı kifayət qədər güclüdür. Çempionat olaraq İsveç Allsvenskanı Azərbaycan Premyer Liqasından güclüdür. Bütün matçlar çətin keçir. Turnir cədvəlinin aşağı pillələrindəki komandalar da favoritlərə qarşı uğurlu çıxış edirlər”.

Musa Qurbanlı bu mövsüm “Yurqorden”in heyətində 4 oyun keçirsə də, hələ qol hesabını aça bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button