“Atam hazırda döyüşdədir, məni də çağırsalar, gedib döyüşəcəm” – MÜSAHİBƏ

Rusiyanın Ukraynaya təcavüzi davam etməkdədir. Yaranmış vəziyyətə görə Ukraynadakı çempionat dayanıb. Bu ölkədə yaşayanlar arasında azərbaycanlıların sayı da az deyil. Ukrayna futbolunun yetirməsi olan, AFFA-nın Azərbaycan millisinə cəlb etmək istədiyi Eldar Quliyev də hazırda ölkəsində Rusiyanın hücumuna məruz qalanlardandır.

“Şaxtyor”un (Donetsk) yetirməsi olan Quliyev hazırda “Minay”ın forması geyinir. Komanda.az saytına müsahibə verən Quliyev, Ukraynadakı durum haqda danışıb və gələcəklə bağlı ümidsiz olmadığını bildirib:

  • Son iki günün Ukrayna üçün daha ağır keçdiyini söyləmək olar. Hazırda orda vəziyyət necədir?
  • Doğrudur, neçə vaxtdır ağır günlər keçiririk. Amma dünən əvvəlki günlərə baxanda bir az normal idi. Təbii ki, mən hazırda olduğum şəhərdən danışıram. Yoxsa Kiyev, Xarkov və digər şəhərlərdəki vəziyyəti hamı görür. Əslində, bütün bunları qəbullandıqdan sonra hadisələri dərk etmək də asanlaşıb. Çünki hadisənin baş verdiyi ilk günlərdə ümumiyyətlə, yatmırdım, daha doğrusu, yata bilmirdim. Çox ağır günlərdir.
  • Ukraynada öldürülən dinc əhalinin sayı da az deyil. Sənin ailən necə, təhlükəsiz yerdədir?
  • Mən özüm Ujqoroddayam, ailəm isə Kiyevdədir. Yaxınlarım hazırda zirzəmilərdədir. Heç olmasa, zirzəmilər təhlükəsizdir.
  • Rusiyanın Ukraynaya hərbi təcavüzünü ağlına gətirərdin? Bunu ilk dəfə eşidəndə hansı hissləri keçirdin?
  • Bəli, ilk gündə baş verənlərə inanmırdım. Nə baş verdiyini anlamaq çətin idi. Amma atam zəng etdi və onunla danışdım. Sonradan xəbərlərə baxdım və hər şeyin reallıqda bu cür olduğunu başa düşdüm.
  • Azərbaycan da Ukraynaya humanitar yardım göndərən ölkələrdəndir. Həm də, Bakıda Ukrayna səfirliyinin önündə insanlar öz dəstəyini göstərdi. Bu haqda xəbərdarsan?
  • Bəli, bəli, hər şeydən xəbərim var. Çünki mətbuatı da izləyirik. Dəstək olanlara təşəkkür düşür. Ölkəmizin ağır günləridir və bu günlərdə bizə dəstək olurlar.
  • Ukraynada tanış azərbaycanlılar var? Onların təxliyyəsi üçün hansısa köməklik göstərir Ukraynadakı Azərbaycan səfirliyi?
  • Ukraynada azərbaycanlı tanışlarım az deyil. Tez-tez də danışırdıq. Amma düzünü deyim, onlara nə oldu, Azərbaycana gediblər, yoxsa Ukraynada qalıblar, onu bilmirəm.
  • “Minay” klubu necə, öz futbolçularına hansısa köməklik göstərib? Legionerlərin ölkəni tərk etməsində köməklik oldu?
  • Komandanın legionerləri ölkələrinə gediblər. Məşqlərə gəldikdə, çempionatlara fasilə verilib. Ölkədə hərbi vəziyyət olduğu üçün məşq etmək də olmaz. İndi hamı ancaq müharibə haqda danışır və müharibənin nə zaman sona çatacağını düşünür.
  • Ölkədə hərbi səfərbərlik olduğundan, 18-60 yaşlı kişilərin ölkəni tərk etməsi qadağan edilib. Səni necə, döyüşə çağırıblar?
  • Atam hazırda döyüşdədir. Bu gün danışmışam onunla. Əslində, hər gün danışıram. Atam könüllü kimi müharibəyə yollanıb. Hələ ki, məni müharibəyə çağırmayıblar. Ancaq çağırsalar, gedib döyüşəcəm.
  • FİFA və UEFA Rusiyanın bütün yaş qrupları üzrə yığma komandalarını, klublarını turnirlərdən kənarlaşdırıb. Onların bu qərarını doğru hesab edirsən?
  • Nə deyim? Bu məsələyə neytral yanaşıram. Çünki müharibənin başlamasında hamı günahkar deyil ki.
  • Azərbaycandan sənə yazan, maraqlananlar var? AFFA-dan və ya səni istəyən klublarımızdan…
  • “Zirə” və “Sabah” klublarından mənə yazıb, maraqlandılar. Onlara da təşəkkür edirəm. Vəziyyətimi soruşdular.
  • Azərbaycan klublarından səni transfer etmək istəyənlər az deyildi. Ukraynada futbolsuz qalmamaq üçün ən azından yaya kimi icarə əsasında Azərbaycan klublarından birinə keçməyin mümkündür?
  • Bilmirəm axı. Məncə, hələ ki, bu, mümkün deyil. Çünki heç kim məni ölkədən buraxmayacaq. Sizin də bildiyiniz kimi, Ukraynada hərbi vəziyyət olduğuna görə, 18-60 yaş arası kişilərə ölkədən çıxmağa icazə vermirlər. Ona görə də, siz deyən məsələ haqda da bir söz deyə bilmərəm.
  • Müharibənin tezliklə sona çatacağına necə, inamın var?
  • Yalnız ümid etmək qalır. Ümidvaram ki, tez bir zamanda hər şey sona çatacaq. Ancaq nə qədər tez bitəcəyi barədə şərh verə bilmərəm. Çünki müharibə haqda heç bir fikrim yoxdur. İnsanlar həlak olur, hər şeyin bitməsi hamımız üçün yaxşı olacaq.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button