Artur və Elxan Məmmədov
AFFA-nın baş katibi Elxan Məmmədov canlı yayımda federasiyanı, milli komandanı tənqid edənləri söyüb. Bəli, bəli, söyüb. Məmmədov jurnalist İlkin Babanın aparıcısı olduğu verilişdə “milli komanda uduzan kimi bizə qarşı çirkin kampaniya başlayır” ifadəsini də işlədib.
Hörmətli Elxan müəllim, birincisi, “milli komanda uduzan kimi” ifadəsi kökündən yanlışdır. Bu ifadəni o komanda haqda işlədərsən ki, həmin komanda arada qələbə də qazansın. Axı Azərbaycan milli komandası qələbə qazanmır! Qazanırsa, Elxan Məmmədov və mətbuatda saxladıqları (təkcə qadını saxlamırlar, kişini də saxlayırlar) son bir ildəki həmin qələbəni göstərsin.
İkincisi, necə olur, Ermənistan milli komandası AÇ-2020-nin seçmə mərhələsində 10 xal topladığı halda, baş məşqçi, federasiyanın prezidenti istefa verir, amma AÇ-2020-nin seçmə mərhələsində cəmi 1 xal toplayan Azərbaycan yığmasına görə istefa verən olmur? Necə olur ki, bir adam çıxıb biabırçı nəticələrə görə məsuliyyəti üzərinə götürmür?
Nə qədər özününküləşdirsəz, altını üstünə çevirsəz də, bu milli komanda Azərbaycanındır, azərbaycanlılarındır. Siz vicdanı, ləyaqəti olan azərbaycanlılardan göz görə-görə rüsvay olan milli komandalarına görə susmağı tələb edirsiz. Siz tələb edirsiz ki, azarkeşlər, jurnalistlər seçmə mərhələni 1 xalla (o da çox güman ki, xorvatların hədiyyəsi) başa vuran komandanı tərifləsinlər, ən pis halda isə sussunlar.
Yoldaş Məmmədov, Azərbaycanın şərəfinin ayaqlar altında tapdanmasına göz yuman, öz şərəf və vicdanını da sizin ayaqlarınızın altına atanlar zatən sizin ətrafınızdadır, yanınızdadır. Sayları sizi qane etmir? Bax, bu, mənə maraqlı deyil. Satın aldığınız o şərəf və vicdan alverçiləriylə qane olmağı öyrənin. Başqaları sizin üçün çəpik çalmayacaq, sizi alqışlayıb, bu vətəni, bu vətənin milli komandasını satmayacaq.
Kaş, sizin əvəzinizdə Azərbaycan futboluna Artur kimi biri rəhbərlik edəydi. Artur bilirsiz kimdir? Milli komandası AÇ-2020-nin seçmə mərhələsində 10 xal toplayandan sonra istefa verən erməni futbol rəhbəri – Vanezyan.
Bizi Facebook-da izləyin