Artıq “Turan Tovuz”un sponsoru var! – RƏSMİ

Bu gün “Turan Tovuz” Futbol Klubu və “Huner Group” arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə bağlanıb.

Komanda.az xəbər verir ki, müqaviləni “Futbolun İnkişaf Fondu”nun rəhbəri Tural Piriyev, “Turan Tovuz”un idarə heyətinin sədri Rəşid Məhərrəmov və “Huner Group”un təsisçisi Ehtiram Quliyev imzalayıb.

Müqaviləyə əsasən, “Huner Group” “Turan Tovuz”un Azərbaycan Premyer Liqasının 2022/23-cü illər mövsümü üzrə sponsoru olacaq. “Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda, klubun oyun formasının qolunda və sosial media hesablarında şirkətin loqosu yerləşdiriləcək.

“Turan Tovuz”un idarə heyətinin sədri Rəşid Məhərrəmov:

“Burada olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Qardaş Türkiyədə ölənlərə rəhmət diləyirik.

Vaxtilə Tovuzda çox sayda futbolçular yetişib. İndi də yetişməkdə davam edir. Tovuzun futbolçuları keçmişdə də, indi də futbolumuza çox fayda veriblər. Müstəqillik dövründə futbolumuz daha da inkişaf etdi. İlk peşəkar futbol klubu məhz Tovuzda yarandı. Dövlətimizin futbola qayğısı nəticəsində 2019/2020-ci illərdə Tovuzda futbol akademiyası yarandı. Dirçəliş oldu. 28 nəfər mütəxəssis gənc futbolçulara öz biliklərini ötürürlər. 9 ildən sonra “Turan Tovuz” yüksək liqaya yüksəldi. Qısa müddət ərzində ortabab klublardan birinə çevrildi. Burada əməyi olan hər kəsə minnətdaram. Klub hazırda 6-cı yerdədir, ölkə kubokunun yarımfinal mərhələsindədir. Uğurlu çıxışın əsas sirlərindən biri futbol mütəxəssislərinin burada cəm olmasıdır.

Mən inanıram ki, dövlətimizin, “Huner Group”un həmrəyliyi ilə “Turan Tovuz” yenidən avrokuboklarda ölkəmizi layiqincə təmsil edəcək”.

“Futbolun İnkişafı Fondu”nun icraçı direktoru Tural Piriyev:

“Futbolun İnkişafı Fondu”nun dəstəyi ilə baş tutan bu tədbir çox böyük tədbirdir. Futbolun gördüyü işin çox böyük sosial-iqtisadi əhəmiyyəti var. Millət vəkili Qənirə xanım Paşayevaya da dərin təşəkkürlərimi bildirirəm. Onun da bu işdə çox böyük rolu var.

Açıq şəkildə deyim ki, idman marketinqi nöqteyi-nəzərindən baxsaq, hazırda burada o məqam bir o qədər də çox deyil. Futbola və Tovuza bağlılıq özünü daha çox göstərir.

Bizim üçün klubların nəticələri yox, uzunömürlü olmaları daha çox önəmlidir. Ümid edirəm ki, biz digər klublarla da geniş əlaqələr quracağıq”.

“Huner Group”un təsisçisi Ehtiram Quliyev:

“Qardaş Türkiyədə baş verən faciə ilə bağlı dərin hüzn yaşayırıq. Cənab Prezidentimizin çağırışı ilə bağlı yardımlara qoşulduq. “Huner Group”da bu sıraya qoşuldu.

Bəzi işlər var ki, onlara ara vermək olmaz. Başda AFFA-ya, FİF-ə, Rayon İcra Hakimiyyətinə minnətdaram. Burada çox yaxşı şərait yaradılıb. “Turan Tovuz” 9 illik fasilədə iki dəfə birinci divizonda iştirak edib, maliyyə ucbatından əsas liqada mübarizə aparmayıb.

Bir çox suallarımıza yorulmadan rəhbərlik cavab verdi. Buraya yığışmaqda əsas əmək sahibi FİF-dir. İqtisadiyyatımız getdikcə güclənir, artıq sponsorlar tapılır. 90-cı illərdə durum çox çətin idi. İndi isə elə deyil”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button