“Arsenal” 24 milyonluq yeni transferini açıqladı
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, London təmsilçisi Belçika millisinin və “Brayton”un yarımmüdafiəçisi Leandro Trossardı heyətinə qatıb.
“Arsenal” yeni transferi ilə müqavilənin müddəti və digər detalları barədə məlumat verməyib. Amma İngiltərə mətbuatının yazdığına görə, tərəflər 4.5 illik müqaviləyə imza atıblar. “Topçular”ın bu transfer üçün 24 milyon avro ödədiyi bildirilir.
28 yaşlı vinger 2019-cu ildən “Brayton”da çıxış edən yarımmüdafiəçi, bu komandada 121 oyuna çıxıb, 25 qol vurub.
Belçikanın “Genk” klubunun yetirməsi olan futbolçu, “Lommel Yunayted”, “Vesterlo”, “Leuven” kimi klublarda da icarədə oynayıb. Trossard Belçika milli komandasında da 24 oyuna 5 qol vurub.
“Brayton” irlandiyalı hücumçusu Aron Konnollini də “Hall Siti”yə icarəyə verib. 22 yaşlı forvardın bu mövsümün sonuna kimi icarədə oynayacağı açıqlanıb. “Brayton”un öz yetirməsi olan futbolçu bu klubun əsas komandasında 52 oyuna çıxıb, 8 qol vurub. O, İrlandiya yığmasında 8 oyuna çıxıb.
Bizi Facebook-da izləyin